Daş yuxular. Rekviyem romanı - Акрам Айлисли 3 стр.


 Mən sizə dedim axı, doktor, yerazlar. Ermənistandan gələn vicdansız qaçqın gədə-güdəsi. Vurub baş-gözünü şil-küt eləməkləri bəs deyil, hələ yerə sərib, qarın-qursağını da vəhşi heyvan kimi təpikləyirdilər. Yaxşı ki, mən də oralardaydım, doktor. Şəhərə çıxmışdım ki, bir az zehnimi açım. Elə Parapet deyilən o viran qalmış yerdən çıxanda bir də gördüm, fantanın qırağında beş-altı bığıburma gədə bir adamı salıb araya, vur ki, vurasan. Yerazlar, doktor, yerazlar! Bir xeyli adam da durub qıraqdan tamaşa eləyirdi

Bu yerdə xəstəni gətirənin birdən-birə dili tutuldu. Dodaqları yenə təprənirdi, ancaq dediyi sözlər, elə bil, xirtdəyindən yuxarıya gəlib çatmırdı, sözlərinin səsi çıxmırdı.

 Perekis qurtarıb, doktor.  Şəfqət bacılarından biri hüznlü səslə, olduqca yavaşdan dedi. (Qadınların biri ahılca qarı, o biri cavanca gəlin idi).

 Spirt olmalıydı. Həkim ümidsizcəsinə dilləndi.

 Xeyr, doktor. Olanın hamısını dünən işlətdiniz.

 Yaxşı, suyunan təmizləyin. Marqansın az eləyin. Həkim otağın aşağı başındakı əlüzyuyanda sabunla əl-qolunu yuyub, yenə gəlib cərrah stolunun yanında durdu: Əynində nəyi var çıxardın, bircə trusiki qalsın, vəssalam.

Bığları, ağız-burnu, çənəsi, narıncı köynəyinin yaxası və tündgöyümtül pencəyinin ətəkləri alqırmızı qan içində olan xəstə isə cərrah stolunun üzərində elə qəşəng, elə rahat uzanmışdı ki, elə bil döyülən, təpiklənən, ağız-burnu qana qəltan edilən o deyildi. O Parapet deyilən yerdə, o fantanın qırağında sanki onun özünü yox, ən qəddar düşmənini döymüşdülər. Sinəsindən arabir kəsik-kəsik xırıltılı səslər çıxsa da, xəstə əməllicə yatırdı. Və yatmağı öz yerində, hələ, deyəsən, yuxu da görürdü və o yuxuda gördüyü vaqiə ona əməllicə ləzzət verirdi.

Qadınlar xəstənin üz-gözünün qurumuş qanını sürətlə silməkdəykən həkim huşsuz uzanmış pasientin nəbzini yoxlayırdı. Onlar xəstəni trusikinəcən soyundurub qurtarandan sonra həkim onu diqqətlə müayinə edə-edə elə bil eyni zamanda özünə, ya kiməsə aramla hesabat verirdi: Alt dodağının iki yerindən tikiş qoyulmalıdır. Üst dodağında profilaktik müalicə. Çənə nahiyəsində sınıq yoxdur. Sol qolunun iki yerində çıxıq: dirsəyində, bir də biləyində. Sağ əlinin iki barmağında da çıxıq var: baş barmaq, uzun barmaq. Sol qıçının bir yerində kəskin əzələ zədələnməsi. Sağ qıçının diz qapağının sınığı. Kürəyində, döş nahiyəsində, fəqərə sütununda ciddi anomaliya yoxdur. Kəllə sümüyündə sınıq nəzərə çarpmır.

Həkim sözünə ara verib, görünür, dodağının altında yenə uzun-uzadı söyüş söydü.

 Сотрясение мозга!  Həkim bunu nədənsə rusca lap ucadan dedi və şalvarının cibindən çıxartdığı cib dəsmalıyla tələsmədən alnının tərini silib yenə rus dilində əlavə elədi: Избиение зверское!

Həkimin dediyi hər sözdən sonra xəstəni gətirənin içinin sarsıntısı onun üz-gözündə də ağrı və əzab şəklində əks olunurdu. O özünü güc-bəla ələ alıb, ağlamağını birtəhər saxlayırdı. Həkim müayinəni bitirəndə bu adamın səbri, dözümü də birdən-birə tükəndi. O, gözünün, burnunun suyunu axıda-axıda günahsız uşaq kimi ürəkdən ağlamağa başladı.

Həkimin əməliyyata başlamağı üçün şıdırğı hazırlıq görən ağxalatlı qadınlardan birinin (cavan gəinin) gözləri yaşla doldu. Xəstəni gətirənin bu halına acıyan ahıl qadın bir müddət gözlərini yumub başını, bədənini dərdli-dərdli yırğaladı. Əsərimizin komik qəhrəmanının bu təhər uşaqsayağı ağlamağı həkimə də təsir elədi. Həkimin xəstəni gətirənə yaman yazığı gəldi. Qayğılı, ciddi görkəminə bir o qədər də yaraşmayan mehriban, həzin səslə həkim xəstəni gətirəni ovutmağa çalışdı:

 Paho, bu olmadı ki Qorxulu heç bir şey yoxdur. Düz on beş gündən sonra dostunu konfet kimi bir oğlan eləyəcəyəm.

Həkim başını aşağı salıb bir müddət fikrə getdi. Sonra başını qaldırıb xəstəni gətirəndən olduqca ehtiyatla xəbər aldı:

 Demək, deyirsən ki, bu adam ermənidir.

Xəstəni gətirənin gözləri təəccübdən bərələ qaldı:

 Buy, bu nə sözdür, doktor! Siz bunu tanımırsız, bəyəm?Siz Saday Sadıqlını tanımırsız? Azərbaycan teatrının fəxrini. Bu ölkənin bir nömrəli artistini. Siz bu boyda sənətkarı, doğrudan, tanımırsız, doktor? Yəni televizorda da görməmisiz? Siz mənim özümü də televizorda çox görmüsüz, doktor. Ola bilər ki, adımı yadınızda saxlamamısız Nuvariş Qarabağlı komik rolların tanınmış ifaçısı. Məni tanımasaz da olar. Mən sizdən incimirəm. Ancaq Saday Sadıqlını tanımayan yoxdur axı. Hamleti, Otellonu, Aydını, Kefli İskəndəri bunun kimi oynayan hələ heç yerdə olmayıb.

 Mən sizi görən kimi tanıdım!  Cavan tibb bacısı o yandan fəxrlə bəyan elədi.

 Sizin hər ikinizi mən də televizorda çox görmüşəm. Yaşlı qadın nədənsə nazlana-nazlana dedi.  Ancaq həkimdə taxsır yoxdur. Həkim 30 ildən çox Moskvada yaşayıb. Doktor Fərzaninin Moskvadan Bakıya gəldiyi heç üç il də deyil.

Tanınmağından aşkarca fərəhlənmiş Nüvariş Qarabağlının hələ yaşı qurumamış gözlərindən indi bir dünya işıq yağırdı. Həkimin nə onu, nə də onun xəstəxanaya gətirdiyi Saday Sadıqlı kimi məşhur bir adamı tanımamağının səbəbini biləndən sonra artistin bu sarıdan da heç bir narahatlığı qalmamışdı. Onların hər ikisini əvvəlcədən tanıyan şəfqət bacılarının bu tanışlığı bayaqdan üzə vurmamağını isə Nüvariş Qarabağlı bu dünyanın mütrifanə əməllərindən biri kimi çoxdan görüb qəbul eləmişdi. (O, insanlara yalnız gülmək üçün lazım idi. Bunu bilirdi və buna həmişə hazır idi. Ancaq insanlardan ona bir şey lazım olanda bu insanlar onu çox vaxt tanımırdılar, daha doğrusu, özlərini tanımamazlığa vururdular. İnsanlardakı bu xasiyyəti o, hər hansı bir rəisin yanına girməyə tələsəndə və ya hər hansı aztapılan bir şeyi növbəsiz almağa cəhd göstərəndə o rəisin qəbulunda oturan və o aztapılan şeyin növbəsində duran adamların rəftarında dönə-dönə müşahidə eləmişdi. Bu iki ağxalatlı qadının iki məşhur artisti tanıdığını əvvəldən boynuna almamağınınsa yalnız bir səbəbi ola bilərdi: qadınlar bu məsələnin həkim tərəfindən yaxşı qarşılanmayacağından, ola bilər ki, ehtiyatlanmışdılar.)

Nüvariş Qarabağlı başa düşdü ki, bayaqdan nə deyibsə, hamısı həkimin qulağından yan keçib.

Ya həkim çox fikirli olub, ya da onun özü hissindən, həyəcanından demək istədiyni aydın deyə bilməyib. Buna görə də fikrini mümkün qədər cəmləşdirib, Parapet bağının yanındakı fantanlı hovuzun qırağında baş vermiş əhvalatı həkimə bəsit və primitv şəkildə təzədən danışmağa başladı:

 Məsələ belədi, doktor: mən bu gün şəhərə çıxmışdım. Saat neçəydi, dəqiq deyəmmərəm 10 olardı, 11 olardı. Parapet bağının yanında bir yer var fantan olan yer yəqin görmüş olarsız. Həmin o fantan olan yerdən bir dəhşətli səs gəlirdi, doktor. Kim idisə elə bil ulayırdı. Sən demə, bir qoca erməniymiş. Evindən çıxıb çörək dükanına getdiyi yerdə yerazların girinə keçibmiş. Ev paltarında Ayağındakı başmağı da yumşaq ev başmağıydı. Özüm gördüm suyun dibində. Çünki mən ora çatanda ermənini öldürüb sərmişdilər hovuzun ortasına.7080 yaşlı qoca kişiydi. Gözləri açıq idi, doktor, altdan-yuxarı adamın üzünə baxırdı. Görən deyərdi, bu adam heç ölməyib, sağdı. Onun necə öldürülməyini mən özüm görmədim, doktor. Əvvəldən orda olanlar deyirdi ki, ermənini əvvəlcə götürüb atıblar hovuza, buz kimi soyuq suyun içinə. O da o qoca erməni soyuq suda dura bilmirmiş axı. İstəyirmiş ki, birtəhər çıxsın hovuzdan. O gədələr də düzülüb hovuzun qırağına, təpiyi təpik dalınca erməninin kəlləsinə döşəyirmişlər. Bunun da bu Saday Sadıqlı Allah köməyi olmuşun bəlası həmişə başının üstündədi. Yoxsa buna nə düşmüşdü ki, günün o vədəsində gedib o müsibətin üstünə çıxaydı Dözməyib də, dözməyib, doktor!.. Sənətkardı, humanist adamdı. Ürəyi dözməyib, özün verib qabağa. O yeraz gədələr də nə bilsin ki, kimdi bu adam. Ermənistannan dünən gəlmiş adamlardı. Erməni deyib düşüblər üstünə. Mən ora çatanda ermənini öldürüb meyidin hovuza sərmişdilər. Bunu da öldürəcəkdilər, doktor. Mən ora bircə dəyqə gec çatsaydım, bunu da o qoca erməninin yanına göndərəcəkdilər. Allah rəhm elədi, sağ qaldı. Sizə qurban olum, doktor, bu dahi insanın həyatı indi sizin əlinizdədi.

Həkim əməliyyata başlamağa tələsirdi. Ancaq bundan ötrü elə bil nəsə çatışmırdı, nəsə azlıq eləyirdi. Bir də, artistin dedikləri həkimi bir qədər sarsıtmışdı deyəsən. Cərrah stolunun üstündə ağır beyin silkələnməsindən huşsuz uzanmış bu Hamletin, Otellonun və Kefli İskəndərin bir qoca, günahsız insanı ölümdən qurtarmğa cəhd göstərməyində həkim qeyri-adi heç nə görmürdü. Həkimə görə, adını insan qoyan hər kəs belə yerdə yalnız bu cür hərəkət etməliydi. Ancaq bu şəhərin adamları sanki sözü bir yerə qoyub, məhz bu insanlıq deyilən şeydən indi hamılıqla uzaq olmağa çalışırdılar. İnsan olub insan sifətində qalmaq bu şəhərin adamlarına elə bil daha sərf eləmirdi. İnsanların bir qismi sifətini gizlətmişdi, bir qismi sifətini dəyişmişdi, bir qismi sifətini itirmişdi. İnsanların bir qismində isə bu insanlıq sifəti, görünür, heç əvvəldən də olmamışdı.

Cəmi 1015 gün bundan qabaq doktor Fərzani xəstəxanaya, Allah bilir ki, hansı yolla çatdırılmış 1415 yaşlı bir erməni qızının üzərində elə bu otaqdaca ağır cərrahiyyə əməliyyatı aparmışdı.

Metroda insanın gur yerində 5-10 müsəlman arvadı birdən üstünə cumub, yüz adamın gözü qabağında qıza divan tutmuşdu. Əllərinin on barmağının onunu da qırmışdılar. Saçını yolmuşdular. Əyninin paltarını cırmışdılar. Üz-gözündə salamat yer qoymamışdılar. Və lap bir neçə gün bundan əvvəl gözünün biri dağa, o biri arana baxan çəpgöz, bədheybət bir şair özbaşına xəstəxanaya dürtülüb, kardioloji şöbənin 40 illik həkimini, erməni olduğuna görə, kabinetindən çıxarıb döyə-döyə küçəyə qovmuşdu. Bu hadisədən sonra xəstəxanada nə həkim, nə qeyri-həkim bir nəfər də erməni qalmamışdı. Kimisi gedib evində gizlənmişdi, kimisi Bakıdan həmişəlik köçüb getmişdi

 Aydındı, Nümayiş müəllim! Fars deyər: məsələ məlum əst.  Şəfqət bacılarının ayrıca stolun üstündə səliqə ilə yan-yana düzdüyü cürbəcür cərrahiyyə alətlərinin əvvəlki düzülüşünü tələsmədən dəyişə-dəyişə, xeyli susandan sonra, həkim içinin bədbin ovqatı ilə uyuşmayan gümrah səslə dedi.

Nüvariş Qarabağlı adının təhrif edilməyindən incimədi. (30 ildən çox Moskvada yaşayanın buna haqqı vardı.) Ancaq o bu təhrifə təcili düzəliş verməyin vacib olduğunu da yaddan çıxarmadı:

 Nüvariş Qarabağlı kimdi ki, doktor,  dedi. Adi aktyordu. O gədələr bunun yerinə kaş məni bu günə salaydılar. Yüz Nüvariş Qarabağlı bir Saday Sadıqlının heç çeçələ barmağına da dəyməz.

 Bu da qarabağlıdı? Xəstənin nəbzini bir də yoxlaya-yoxlaya həkim yavaşca soruşdu.

 Heç mən də qarabağlı deyiləm, doktor. Əslimiz Kürdəmirdəndi. Özüm Xırdalanda doğulmuşam. Qarabağlını özümə təxəllüs götürmüşəm Bunun kəndi Naxçıvandadı. Ordubad rayonunda bir kənd var Əylis kəndi. Çox da qədim kənddi, doktor, özüm gedib görməsəm də, bilirəm ki, o Əylisdə bir vaxt ermənilər də çox olub. Onların 78 kilsəsi orda, deyirlər, indi də durur. O ermənilər, görünür, çox sakit, çox yaxşı adam olublar. Bu Saday Sadıqlı da elə adamdı ki, doktor, dünya dağıla, yaxşıya pis deməz. Bu adam indiyəcən yüz dəfə dilinin bəlasına düşüb, ancaq xasiyyəti həmişə yerindədi. Bir-iki aydan sonra 50 yaşı olacaq, hələ də 10 yaşlı uşaqdı elə bil. Ürəyində nə var, dilinin ucundadı. Belə bir xatalı vaxtda da, doktor, dilini dinc qoymaq istəmir. Deyir: pis bizik, erməni yaxşıdır. Qorxmur. Teatrda, çayxanada hər yerdə deyir bunu.

Doktor Fərzani gözlərini gen-gen açıb bu dəfə xəstənin üzünə xüsusi maraqla baxdı.

Sanki onu lap indicə və ilk dəfə görürdü. Qadınlar ağız-ağıza verib bir müddət xısın-xısın pıçıldaşdılar. Sonra doktor Fərzani ərklə Nüvariş Qarabağlının qoluna girdi və onu qapıya sarı apara-apara: Gəl görüm, cavan oğlan,  dedi,  day burda sənnik bir iş qalmadı. Çıx, otur koridorda, dincəl özün üçün. İstəyirsən get evə, yüz qram vur bədənə, yıxıl yat, kef elə. Sonra gəlmək istəsən, gələrsən. Bu, sənin üçün kor bağırsaq kəsmək deyil, kapitalnı remontdu, 34 saat çəkəcək. Dostun yaşayacaq, qorxma. Mən bunnan bir Otello düzəldim ki, Dezdemonanın sevindiyindən ürəyi keçsin.

Və həkim artisti koridora ötürüb qapıları örtdü.

Cərrahiyyə otağının ikitaylı qapısı örtüləndən sonra Nüvariş Qarabağlı elə bil birdən-birə dünyadan büsbütün təcrid olundu.

Uzun, alaqaranlıq koridorda bir qəribə, ürəksıxan qəbiristanlıq ab-havası vardı. İşıq yanmırdı. Adam gözə dəymirdi. Dəhlizin o biri başındakı iri, laybalay pəncərələr də eşiyin işığını içəriyə buraxmırdı: pəncərələri ya möhkəm toz basmışdı, ya da hava, hələ axşam düşməmiş qaralmışdı.

Koridorun bircə yerində şüşəbənd tikilidən bir qədər aralıdakı qapının ağzında bir yekə skamya gözə dəyirdi. Dəhlizdə ondan savayı oturmağa yer yox idi. Və yavaş-yavaş o skamyaya sarı gedən Nüvariş Qarabağlının başı hərlənirdi, ürəyi bulanırdı. Bayaqdan siqaret çəkmək istəyirdi, ancaq əlini uzadıb siqaret qutusnu cibindən çıxarmağa da ərdəmi gəlmirdi, gücü çatmırdı.

Skamyaya yaxınlaşanda qapının bir tərəfində alt-alta divara vurulmuş iki yazılı lövhə diqqətini cəlb elədi. Üstdəki lövhədə iri, qara hərflərlə: ОТДЕЛ ТРАВМАТОЛОГИ И ХИРУРГИИ, altdakı lövhədə nisbətən kiçik hərflərlə Зав. отдел ФАРЗАНИ Фарид Гасанович sözləri yazılmışdı və doktor Fərzaninin kabinetinin qapısı açıq idi.

Oturub dincəlməyə əşhədi-ehtiyacı olsa da, Nüvariş Qarabağlı həkimin kabineti ağzındakı o skamyada oturmaqdan vaz keçdi. Ona elə gəldi ki, əgər otursa, bir də heç vaxt ayağa dura bilməyəcək. Açıq qapının arasından qorxa-qorxa kabinetin içərisinə baxdı: bir stol, bir-iki köhnə stul, divan, seyf, soyuducu, xırdaca köhnə televizor, elektrik çaydanı, əlüzyuyan Cibindən siqaret çıxartdı, ancaq onu yandırıb çəkməyə yenə ürək eləmədi. Ürəyi bulana-bulana pəncərəyə tərəf getdi və hələ pəncərənin yanına çatmamış cərrahiyyə otağının bu biri tərəfində də bir uzun koridor olduğunu gördü. Girişində doktor Fərzaninin kabineti yerləşən o boş koridordan fərqli olaraq, bu koridorun çoxlu pəncərələri vardı və koridor boyunca yan-yana düzülmüş palataların nömrələnmiş göy qapılarının hər biri o pəncərələrdən birinin kül rəngli tutqun işığına baxırdı.

Pəncərələrdən birinin qabağında ayağının biri gipsə salınmış bir oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Bir nəfər qolu sarıqlı yaşlı qadın palatalardan birinin açıq qapısı qabağında dayanmışdı. Koridorda bu iki adamdan savayı ins-cins gözə dəymirdi.

Nüvariş Qarabağlı bayaqdan əlində saxladığı siqaretini yandırdı, ancaq tüstünü bircə qüllab nəfəsinə çəkən kimi gözlərinə qapqara tor gəldi. Qəfildən yıxılacağından qorxub, divardan yapışa-yapışa özünü həkimin qapısı qabağındakı skamyaya çatdırdı. Və o skamyada bir xeyli oturandan sonra onun gözlərinə gələn o tor seyrəlib, yavaş-yavaş çəkilib getdi.

Nüvariş Qarabağlı gözlərinin qaralmağından narahat deyildi. Buna öyrəncəliydi.

İndi onu hər şeydən çox narahat edən bu əhvalatı Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdırmaq idi.

Nüvariş Saday Sadıqlının evinə gedib-gələn adam idi. Onun arvadının iş yerini də tanıyırdı. İndi Azadə xanım, yəqin ki, hələ işdəydi. Ancaq bu saat burdan durub Azadə xanımın iş yerinə getmək Nüvariş Qarabağlıya həddən ziyadə çətin gəlirdi.

Bu xəbəri Sadayın arvadına hansı şəkildə çatdıracağı barədə düşünməyə o hələ vaxt tapmamışdı. Ən yaxşısı, elə buradaca oturub əməliyyatın qurtarmağını axıracan gözləmək idi. Əməliyyat qurtarandan, Sadayın yaraları sarınandan, huşu yerinə gələndən sonra gedib bu xəbəri Azadə xanıma çatdırmaq Nüvariş Qarabağlı üçün hər halda xeyli asan olacaqdı.

Назад Дальше