Bizi Umudsuz qoyma - Azəri Əli Bəy 4 стр.


Aləmlərin rəbbi, övlad acısını anaya necə qıydın?

Axı sən adilsən, ədalətlisən, rəhimlilərin ən rəhimlisisən

Yox, yox

Umud bu səhnəyə dözə bilmirdi, bir daha o günü xatırlamaq istəmirdi

Dəmirin cırıltısından hiss elədi ki, anası darvazanı açdı.

Oğlun hanı?

Gələnlərdən hansısa anasının üstünə elə qışqırdı ki, Umud dik atıldı. Qalxıb yerinin içində oturdu, arxasını divara söykədi. Pəncərəyə pərdə asmamışdılar deyə həyət apaydın görünürdü. Darvazanın ağzında iki, ya üç nəfər hərbi geyimli anası ilə danışırdılar. Danışılanları Umud eşidirdi.

Umudu deyirsiniz?

Sənin başqa oğlun da var?

Yox, elə bircə oğlum var.

Hardadı o?

Harda olacaq, evdə.

Arvad kimi qaçıb evdə gizlənib. Onun yoldaşları gecə-gündüz ermənilərlə üzbəüz səngərdədirlər. Bir an belə gözlərini qırpmadan vətəni qoruyurlar. Sənin oğlun isə fərarilik edib.

Umud bunu eşidəndə dəli oldu, hirs vurdu başına, yumruğuyla divarı döyəclədi.

Ay bala, bu nə cür danışıqdır? Mənim oğlum da sizin kimi əsgəriydi, cəbhədəydi, müharibədəydi. Oğlum orda can qoyub.

Nə vaxt gəlib oğlun?

Az qalır doqquz ay olsun.

Nə? Doqquz ay?  Hərbçi əlindəki siyahıya baxır.  Bu siyahını ki, bizə indi veriblər, burda bir ay əvvəl hərbi hissəni tərk etdiyi yazılıb. Polkovnik Zakir Hüseynov özü qol çəkib siyahıya.

Zakirin adını eşitcək Umud havalandı: O, özü məni yola salmadımı? Komandir ona dönə-dönə dedi ki, pravadnikliyinə salma, get sənədləri işlə! Axx, pravadnik, pravadnik!

Hə, bəlkə də bir az çox olar. Oğlum özbaşına gəlməyib ki, üstümüzə hücum çəkirsiniz

Kim icazə verib ona?

Kim icazə verəcək? Böyüyü, komandiri

Biz onun arxasınca gəlmişik. De, öz xoşu ilə geyinsin, gəlsin, bizimlə getməlidir. Yoxsa zorla aparacağıq

Arvadı qəhər boğdu.

O, gedə bilsəydi, heç evdə oturardı Özünü saxlaya bilmədi, hönkürdü, yaylığı ilə gözünün yaşını sildi, ağzını tutdu.  Keçin Keçin içəri Özü ilə danışın.

Düz deyirsən, çoxdan qaçıb rusetə getməliydi Onlardan biri kinayəli-kinayəli dedi.

Hərbi polisin zabiti əsgərin birinə astadan tapşırıq verdi:

Mən belə şeyləri çox görmüşəm. Sən tez evin arxasına keç. Anası burda başımıza qatar, oğlu evin arxasından çıxıb qaçar.

Evin giriş qapısına yaxınlaşanda Umud birtəhər dirsəklənib pəncərədən onlara baxırdı. Ev kürsülü idi deyə ikimərtəbəli kimi görünürdü. Umudu görən kimi hərbi polisin zabiti dilləndi:

Heç utanmırsan? Boyuna, buxununa bax bunun.

Danışığını bil, mən döyüşəndə sən kənddə, kəsəkdə burnunun suyunu axıdırdın, yəqin

Uzun danışma, de görüm, sənə kim icazə verib?

Mənə polkovnik Əliyev özü icazə verib.

Polkovnik Əliyev e Onu çoxdan çıxarıblar.

Mayor Orduxanov şəxsən yola salıb.

Onu da Murova, ağ ayıların yanına göndəriblər.  Nə fikirləşdisə başını buladı.  Axı onları çoxdan dəyişiblər. Bu siyahını isə bizə bir aydı veriblər. Qaçanları yığa-yığa gəlib çıxmışıq.

Kim verib o siyahını sizə?

Zakir Hüseynov. Bir də sənə nə dəxli var kim verib. Düş gəl, bizimlə getməlisən.

Mən düşə bilmirəm.

Necə yəni düşə bilmirəm? Bəs ora necə çıxmısan?

Məni bura çıxarıblar. Dedim axı, mayor Orduxanov mənə iki nəfər qoşmuşdu. Gətirib qoydular burda, çıxıb getdilər.

Bu, deyəsən, bizimlə məzələnir e Hərbi polisin zabiti üzünü əsgərə tutdu.  Qalx yuxarı, onu düşür aşağı.

Əsgər qaça-qaça evə girib Umudun otağına qalxdı. Qaça-qaça da geri qayıtması bir oldu. Rəngi ağappaq ağarmışdı.

Nooldu? Niyə qayıtdın?

Komandir, özünüz qalxsanız yaxşıdır.

Hərbi polisin zabiti də içəri keçdi. Umud pəncərədən yerə düşmüşdü, döşəmənin üstündəydi. Zabit ona baxdı baxdı, sonra diqqətlə siyahıya göz gəzdirdi. Doluxsundu, deyəsən, gözləri doldu, siyahı gözündə axdı. Tutulan kimi oldu və asta səslə dilləndi:

Bizi bağışla amma başa düş başa düşməyə çalış Yuxarıdan qəti tapşırıblar, hamını yığmalıyıq, koru da, şikəsti də, lalı da, karı da Qarabağ uğrunda elliklə hücuma keçəsiyik.

Umudun anası gəldi.

Qoymaram oğlumu aparasınız

Hərbi geyimlilərdən səs çıxmadı.

Bəlkə kənd sovetindən arayış alıb verim?

Yox, ana, getsəm yaxşıdır. Gəl, mənim əsgər paltarımı geyindir. Deyəsən, müharibə hələ davam edəcək. Piyada deyiləm ki, tankçıyam. Təki məni qaldırıb tanka oturtsunlar. Atıcının ayağa ehtiyacı yoxdur, orda hər şey göz və əl ilədir.

Biz əmrə tabeyik. Bizdən olsa özümüz hər şeyi gördük. Amma orda bizim sözümüzə inanmayacaqlar.  Hərbi polisin zabiti anaya başa salmağa çalışdı.  Əmr olunub ki, bu siyahıya adı düşənlərin hamısı qərargaha gətirilməlidir.

Hərbi geyimlilər dinməzcə həyətə düşdülər. Hərəsi bir siqaret yandırdı.

Anası ağlaya-ağlaya Umudu geyindirdi.

Sonra onlar yenidən yuxarı qalxdılar. Ana kənardan hərbi geyimli oğlunu süzürdü. Əsgərlərdən ikisi əllərini qoşalayıb Umudu çarpayının üstündən götürdülər. Zabitin işarəsi ilə aşağı düşürməyə başladılar.

Ana dözə bilmirdi, amma özünü sıxıb saxlamışdı, cıqqırı da çıxmırdı, gözlərindən isə su sel kimi axırdı.

Qorxma, ana!  Umud ötkəm səslə dilləndi. Sən heç narahat olma, məni bu vəziyyətdə tutub türməyə basmayacaqlar ki! Əgər vətənin bu gün mənim kimi döyüşçüyə ehtiyacı varsa, mütləq getməliyəm. Qoy məni aparıb pulemyotun arxasına oturtsunlar, tankın qülləsinə mindirsinlər. Görsünlər erməniləri necə biçirəm.

Oğlunun aparılmasını görməmək üçün üzünü divara çevirib məchul bir nöqtəyə baxan Ana isə bunları eşitmirdi, bu zaman onun başında bir uğultu, bir haray vardı. Bu haray ona tanış deyildi, heç vaxt, heç yerdə, heç kimdən belə bir haray eşitməmişdi

Bizi Umudsuz qoyma! Kim idi bunu haraylayan? Ana başa düşə bilmirdi. Umudun ondan əziz, ondan yaxın, ondan məlhəm kimi ola bilərdi? Qəfildən geri çevrildi. Çevrildi ki, oğlunun arxasınca qışqırsın, amma artıq gec idi, Ana çevriləndə Umudu oturtduqları tünd göy rəngli hərbi maşın darvazanın ağzından uzaqlaşdı.

Umud onsuz qala bilməyən Vətənin harayına gedirdi. Maşının arxasınca bir müddət baxan Ana yaxşı ki, bunu başa düşüb sakitləşdi, yoxsa ürəyi partlayardı. Həyətə düşüb əllərini göyə qaldırdı, Tanrıya dua elədi: Nə olar, ya rəbb, bizi də Umudsuz qoyma!

Sevgi və Borc

Fəxr eyləmə, ey bülbülü şeyda ki, çəmənim var mənim,

Qoy, fəxr eyləyim mən ki, gözəl bir vətənim var mənim

Əliağa Vahid


Bakı Astara qatarı İydəli keçidində bir anlıq dayanıb tərpənəcəkdi. Keçid Masallı stansiyasından üzü Lənkərana tərəf beş kilometrlik məsafədə yerləşirdi. Nadir hallarda olsa da, keçiddə düşənlərə təsadüf edilirdi. Burada qatardan düşənlər, əsasən, sərhədçilər olurdu bəlkə də keçidi onlar üçün nəzərdə tutmuşdular.

Qatar Masallıdan tərpənən kimi orta yaşlı bələdçi Samirə xanım yaxınlaşıb ara kupelərdən birində yatmış hərbçi sərnişinin çiynindən ehmalca tərpədərək oyatdı. Asta səslə:

Qalxın!  dedi.  Beş dəqiqədən sonra İydəlidəyik.

Bələdçi gedən kimi leytenant Osman Osmanov yatağından qalxdı. Mələfələrini və balınc üzünü götürüb bələdçinin otağına getdi. Onun yuyunaraq kupesinə qayıtması heç iki dəqiqə də çəkmədi. Ehmal hərəkətindən heç kim oyanmamışdı kupe yoldaşları hələ də mıshamıs yatırdılar. Əşya çantasını kürəyinə geyindi, sonra çamadanını götürüb asta addımlarla vaqonun çıxışına yollandı.

Sən nahaq burda düşürsən, oğlum.  Bələdçi Samirə hər ehtimala qarşı ona etirazını bildirdi.  Buradan bir yana çıxmaq çox çətindir. Heç olmasa gözləyib Qazmalar stansiyasında düşsəydin, oradan taksilərlə hara istəsəydin gedə bilərdin.

Niyə bəs təlimatda İydəlini yazıblar? Əgər lazım olsaydı Qazmaları yazardılar. Yazıblarsa, deməli, burada qatardan düşmək lazımdır. Sərhədçi çekist kimi həmişə sərvaxt olmalıdır xidmətdə də, mətbəxdə də, səyahətdə də, haradan, nə vaxt gəlib hara getdiyini heç kim görməməlidir. Yoxsa onun harası oldu sərhədçi? Osman öz-özünə belə düşündü və fikirləşdi ki, İydəlidə düşməyi düzgündür, yoxsa iyirmi-otuz gözün vaqon qapılarına dikildiyi Qazmalarda düşmək sərhədçi işi deyil.

Mən xidməti marşrutdan qırağa çıxa bilmərəm. Göndərişimdə də belə yazılıb.  Baş leytenant Osmanov könülsüz, lakin ciddi və rəsmi cavab verdi ki, bələdçi daha heç nə deməsin.

Bu zaman qatar sürətini azaltmağa başladı. Bələdçi açarını götürüb tambura gəldi və dayanmaqda olan vaqonun qapısını açdı, pilləkən avtomatik olaraq aşağıya uzandı. Samirə xanım kənara çəkilib düşmək üçün leytenanta yol verdi.

Sağ olun!  Leytenant Osmanov dilucu sağollaşıb pilləkəndan yerə düşdü.

Siz də sağ-salamat gedib çatın, həm də uğurlu xidmətlər olsun, oğlum!  Samirə xanım sanki bir ana nəvazişi ilə onun arxasınca xoş arzularını bildirdi.

Osman vaqondan üç-beş addım aralanmışdı ki, qatar yerindən tərpəndi, dayanması, bəlkə də heç beş-on saniyə çəkmədi. Gözləri dolmuş bələdçi, sanki doğma oğlunu əsgərliyə yola salırmış kimi onun dalınca səsləndi, amma qatar sürət götürdüyündən relslərlə təkərlərin sürtünməsindən alınan, getdikcə gurlaşmaqda olan səslərə qarışan bələdçinin səsindən Osman heç nə anlamadı. Qatar bir anın içində şütüyüb keçdi və zülmət qaranlığın içində əriyib yoxa çıxdı.

Ayın işığında parıldayan relslərdən başqa ətrafda heç nə görünmürdü. Osman ətrafı diqqətlə nəzərdən keçirdikdə on beş-iyirmi addımlıqda bir taxta budka onun diqqətini çəkdi. Yavaş-yavaş budkanın yanına gəldi. Taxta budkanın qapısı bağlı idi. Yol təmiri işçiləri üçün nəzərdə tutulduğunu zənn edən Osman çamadanını budkaya söykədi. Əşya çantasını da çiyinlərindən düşürüb çamadanına söykədi. Sonra bir siqaret çıxardıb yandırdı. Gecənin bu vaxtı siqaretin tüstüsünə qarışıb ciyərlərinə dolan kənd havası ona xüsusi ləzzət verdi.

Siqaretini çəkə-çəkə nə edəcəyini, gecənin bu vaxtı haraya, hansı istiqamətə və necə gedəcəyini düşünməyə, düşüncələrində gələcək zastava həyatını müəyyənləşdirməyə çalışdı. Ola bilməzdi ki, onu qarşılamağa gəlməsinlər. Komandanın əmri ona verildiyi kimi mütləqdir ki, sərhəd dəstəsi qərargahına, sərhəd zastavasına da göndərilib. Kimsə onu qarşılamağa, zastavaya qədər müşaiyət etməyə gəlməliydi? Bəlkə onlar da bələdçi kimi Qazmalarda düşəcəyimi zənn ediblər?

Uzaqda, harda isə çaqqalların ulaşması gecənin sükutunu pozurdu. Osman budkanın qabağında siqaret çəkə-çəkə var-gəl edir, bir çıxış yolu tapmağı düşünürdü. Elə bu zaman ağaclıqda şıqqıltı eşidildi. Budkanın böyründə, ay işığının tutmadığı tərəfdə yerə oturub dinləməyə başladı; kimsə yavaş-yavaş ona tərəf gəlirdi. Osman addım səslərini bir az da diqqətlə dinlədikdən sonra gələnin adam olduğunu yəqinləşdirdi. Tez siqaretini yerə atıb ayağı ilə söndürdü.

Öhö, öhhö

Ağaclıqdan iki dəfə öskürək səsi gəldi, gələn adam həqiqətənmi öskürdü, yoxsa imitasiya elədi, bunu Osman ayırd edə bilmədi. Həmin səmtə diqqət kəsilib gələn adamın üzə çıxmasını gözlədi.

Öhö

Leytenant Osmanov lap yaxınlıqdan öskürək səsini eşidən kimi gələn adamın əhli-hal olduğunu yəqinləşdirdi, gələn hər kim idisə, özünü nişan verirdi. Dərhal cib fanarını çıxarıb hazır tutdu ki, yaxın məsafədə sifətini işıqlandırıb görə bilsin. Gələn hər kim idisə, onu qarşılamağa gələn sərhədçilərdən deyildi bunu yəqin etdi leytenant Osmanov. Ən azından sərhədçilərin fanarı olmalıydı belə qaranlıq gecədə fanarsız hərəkət etmək çox çətindi, hətta ərazini yaxşı tanıyan adam olsa belə, çünki ayın işığı hər yeri işıqlandırmırdı.

Növbəti öskürək səsini lap yaxın məsafədə eşidən leytenant Osmanov cəld cib fanarını yandırıb gələn adamın sifətini işıqlandırdı. Əynində gödəkçə, əlində kortəbii hazırlanmış əsa, başında isti qış papağı olan ahıl yaşlarında bir kişi onun beş-altı addımlığına çatıb dayandı.

Tək gəlmisiniz?  İlk sualı qoca verdi.

Siz kimsiniz?  Leytenant suala-sualla cavab verdi.

Salam, oğlum.  Sanki indi nəfəsini dərirmiş kimi kişi leytenantı salamladı, ancaq ona əl uzatmadı.  Yəqin zastavaya gedəcəksən?

Osman qocanın sualı qarşısında duruxdu. Qoca kimdir? Onun zastavaya gedəcəyini haradan və necə öyrənə bilərdi?

Uzaqdan ulaşan çaqqalların səsi gücləndikcə gecə daha da vahiməli görünürdü. Bu qaranlıq gecədə keçiddə onların ikisindən başqa heç kim yox idi. İnansa da, inanmasa da leytenant onunla danışmalı, həmdəm olmalı idi. Osmanov qorxu hissi keçirməsə də ehtiyatlı olmağa çalışdı.

Bunu siz hardan bilirsiniz?

Bunu bilməyə nə var ki, oğlum? Sən burdan keçən nə birinci sərhədçi deyilsən, nə də axırıncı. Birinci dəfə gələnlər həmişə səhvən burda düşürlər. Elə ki, yolu-yolağanı öyrəndilər, sonra Qazmalarda düşüb oradan zastavaya taksi ilə, ya arxalarınca gələn maşınla yollanırlar.

Bunu bələdçi də mənə dedi. Yaxşı, bəs belə olan halda niyə təlimatda zastavaya getmək üçün düşüləcək yer İydəli göstərilib? Osman özlüyündə bir an götür-qoy edib qocadan soruşdu:

Buradan zastavaya getmək olmaz ki?

Yəqin ki, sən təzə zastavanı nəzərdə tutursan Kilid zastavasını. Niyə olmur, olar.  Qoca suala aram-aram cavab verdi.  Əvvəlcə bu ərazilərin hamısına Salam Məlik zastavasından nəzarət edirdilər. Zastavaya da Qazmalardan gedirdilər. Kilid zastavasını təzə yaradıblar heç bir il olmaz. Oraya Qazmalardan da getmək olar, burdan da. Ancaq ən yaxın yol burdandır. İntəhası buradan maşın yolu-zad yoxdur, gərək piyada gedəsən.

Nə qədər getmək lazımdır?

Yaxşı getsən saat yarımlıq yoldur, on kilometrdən bir az artıq olar.

Olsun, mən gedərəm. Təki siz mənə yolu göstərin.

Tələsmə, oğlum. Hələ səhərin açılmasına çox var. Gedək, bizdə gecələyərsən. Səhər sübh tezdən atı verərəm, minib yoluna davam edərsən. At minə bilirsənmi? Narahat olma, Kəhər nadinc deyil, yolu da yaxşı tanıyır. Çəhlimə düşdü, qırağa çıxan deyil, birbaş səni zastavaya aparacaq.

Atı indi verə bilərsənmi? Mən yoluma davam edərdim.

Oğlum, səhərin açılmasına hələ üç-dörd saat var. Bir azdan ay dağın arxasına keçəcək, ətrafı zülmət qaranlıq bürüyəcək. Gedib qayadan uçarsınız, atı da, özünü də tələf edərsən. Gəl, görüm, gedək evə. Hava işıqlaşar, sonra yola salaram, gedərsən.

Osmanov daha bir söz demədən əşya çantasını götürüb kürəyinə geyindi. Çamadanını yerdən qaldırıb qocanın arxasınca addımladı. Ay, doğrudan da üfüqə yaxınlaşırdı, bəlkə də bir barmaq məsafəsindəydi. Qocanın danışığında bir doğmalıq, bir səmimiyyət hiss etsə də ürəyindəki şübhələr ona rahatlıq vermirdi. Amma başqa çıxış yolu da görmürdü.

Ağaclığın arasından keçib dəmir yol xəttindən çox da uzaqda olmayan, təxminən yetmiş-səksən addımlıqda bir evin qarşısında dayandılar. Birmərtəbəli balaca evin giriş qapısı üzərində yanan zəif lampa ətrafı güclə işıqlandırırdı.

Təkmi yaşayırsınız?  Qoca cibindən açar çıxardıb qapının üstündəki asma qıfılı açmaq istəyəndə Osmanovun ağlına gələn sual belə oldu.

Qoca təmkinini pozmadan qapını açdı, sonra üzünü qonağına tutdu:

Xoş gəlmisiniz. Buyurun, evə keçək.  dedi.  İndi gəl, tanış olaq, oğlum. Mənim adım Savalandır Savalan baba, eşitməmiş olmazsan. Bütün sərhədçilər məni belə çağırır.

Mənim adım Osmandır.

Lap yaxşı, bundan sonra bir-birimizi tanıyacağıq. Indi isə, buyur, keç içəri.  Savalan baba bunu deyib içəri keçdi və dəhlizin işığını yandırdı ki, Osman da içəri keçə bilsin. Elə ki, Osman içəri keçib çamadanını yerə qoydu, Savalan kişi qapının cəftəsini vurub dəhlizin başındakı otağa getdi. İşığı yandırıb elektrik çaynikini qoşdu. Osmanın dəhlizdə qaldığını görüb səsləndi.

Yəqin, yorğunsan, yatmaq istəyirsən? Ancaq yol gəlmisən, bir stəkan isti çay içsək pis olmazdı. Keç, gəl bura. Çayımızı içək, durub yatağını göstərərəm.

Назад Дальше