Su üzərində bahar - Rəfail Alı oğlu Tağızadə 2 стр.


Mən səni köksümə sıxardım ki, bəs,

külək tellərini daraqlamasın,

yanımda o səni qucaqlamasın.

İndisə küləkdən yan qaçıram ki,

ötən günlərimi varaqlamasın,

çatıb məndən səni soraqlamasın.


Meşə həmin meşə, çəmən o çəmən.

Yenə yavaş-yavaş əsəcək külək.

Atılan püşklərin o tərs üzütək,

indi zamanımı günahkar bilək?!


O ay da gizlənib, yağacaq yağış.

Ağac görən kimə çətirin salmış?

Hardan yağdırıldı üstünə qarğış?

Sən harda qalmısan, a tənha qalmış?!

O axşam qaranlıq ayırdı bizi.

Qaranlıq gecədə işığa düşmüş

gözlərtək görmədik bir-birimizi.

Sən ayrı, mən ayrı, bu tək dünyada.

Harada qalmısan, indi harada?

1982

Sükutlu gecə

Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.

Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.

Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.

01.07.2016

Şam tut gecəmə

Gecəmin halsız vaxtına
özünü tez yetir, mələk.
Qanadını sər üstümə
sən ruh kəpənəkləritək.

Aç evimin pəncərəsin
gecə baxışlar qaralır.
Gecənin qəmini çıxart,
gecə ömürlər daralır.

Səsi alınmış gecənin
içində sənsiz bitərəm.
Gözünü şam tut gecəmə,
gecədə azıb itərəm.

30.06.2017

Sükutun səsİ

Səni göymü apardı
sevmədiyin bu yerdən?
Daha işığın gəlmir
qaranlıq gecələrdən.

Gecələr tam qaranlıq,
gündüz sükut içində.
Uçub, gedib səsin də
durnaların köçündə.

Boğur yeri qaranlıq,
boğur sükutun səsi.
Boğur səni içində
ayrılığın nəfəsi.

25.08.2017

Göz yaşı

Səsində sözlər üşüyür,
baxışında baxışlar.
Axır, ovcuma axır
gözlərindən yağışlar.

Bu sükutun içində
döyür məni hıçqırıq,
Cüt dodaqlar qapalı,
hardan gəlir qışqırıq?

Əlimdə əl danışır,
gözlərində baxışlar.
Əyil bir ocvuma bax.
Barmağımız boğulur,
damcı-damcı yağışlar.

31.07.2019

Narahat ruhlar

Böyük alim Rafiq Əliyevə

Kimsəsiz evlərin eyvanlarından
kədərli, narahat ruhlar boylanır.
Baxışlar kiminin tək üst-başına,
mənim ətrafımı baxıb, yoxlayır.

Küçələr, səkilər buraxmır məni,
hər yerdə cüt, qoşa addım izləri.
Addım izlərində maqnit gücü var,
tutub ayağımdan saxlayır məni,
bağlayır özünə, bağlayır məni,
öldürüb, basdırıb, ağlayır məni
Bu yolda, bu yerdə qəbirlər artır,
təsəlli söylənir, səbirlər artır
Bu gecə özümü harda basdırım?
İçimdə özümə qəbir yerim yox,
bu gecə dözüm yox, səbir yerim yox.

Döşəmə daşları qəbirdi, Allah.
Yanaşı uzanan, yanaşı yatan,
tanımır bir-birin, nə sirdi, Allah?

24.03.2013

Bu bİr tale havası

Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
İçimizdə həm sevinc,
həm də bir ayrılıq var.
Əlimizə gələnlər,
əllərdə qalmır daha.
Satılan ucuz olur,
alınan min qat baha.
Dərd durub özü gəlir
üstümə aram-aram.
Deyir: «Səninlə varam,
mən səni unutmaram».
Ömrümüzə anbaan
gün çıxır,
külək əsir,
yağış yağır,
qar yağır.
Qar yağır ağır, ağır.
Bu bir tale havası.

29.04.2015

Son səs

Alman faşistləri tərəfindən bombardman edilən bir binanın zirzəmisində həlak olan həyat yoldaşının

cəsədi önündə çarəsiz qalan yaşlı kişinin düşüncələri

Polşa, 1944-cü il.

Bu ikilik  bir ömrün
tükənən nəfəsidi.
Müharibədə məhv olan
taleyin son səsidi.
Sən əbədi susursan,
əlim-qolum quruyur.
Ağlaya da bilmirəm,
məni səndən alarlar,
bayırda düşmən durur.
İçimdən hey səs gəlir:
«Bu yerdə səsini ud».
Qaranlıq zirzəmidə,
bu qorxular içində
ulayır qara sükut.
Hər şey uçdu, hər şey boş,
sən yoxsan, evimiz yox,
sən yoxsan, həyatım bomboş.
Qucağım yuyat yerin,
yuyur səni göz yaşım,
ay ömürlük sirdaşım.
Son mənzilimiz üçün
məzarı qazdırıram
Mən səni öz yerində 
qəlbimdə basdırıram.

15.06.2018

Son pərdə

İdeal insan yoxdu, onu heç vaxt özləmə,

heç də bu həyatdan yaxşı əsər gözləmə.

Hər kəs bir rol oynayır

özü bildiyi kimi.

Biz həyatda biri-birimizin

əksiklərini doldurmaqla məşğuluq.

Oxumadığım, rejissorunu görmədiyim əsərdə

sən məndən yaxşı aktyor olmağı gözləmə.

Komediya üçün nəzərdə tutulmuş tamaşanın

sonu faciə ilə bitir.

Səhnənin pərdəsi istənilən an bağlana bilir.

Son sözün ağzında,

son baxışın tavana zillənən gözümdə qalır.

Sonu faciəyə çevrilən bu həyat tamaşasında

sən məndən yaxşı aktyor olmağı gözləmə.

Mən faciə üçün yazılmış bir əsərdə

komik aktyor ola bilmərəm.

Pərdələr göz qapaqları kimi

tez-tez açılıb bağlanır.

Son pərdə gözləri qapamaq üçün sallanır.


Sən məndən yaxşı aktyor olmağı gözləmə.

Mən oxumadığım əsərdə

səhnəyə atılmış həvəskar aktyoram.

27.06.2018

Özgə şəhərdə

Özgə şəhərdə yaşamaq nə gözəl.

Özgə şəhərin gülləri də fərqli,

quşları da, ağacları da,

binaları da, adamları da

Adam özünü və sevdiyini yaxşı tanıyır özgə şəhərdə.

Doğma şəhərin doğma küçələrindən,

sənə baxan pəncərələrdən, tanış adamlardan çəkinirsən,

sıxılırsan

Özgə şəhərlərdə tək ay tanış, bulud tanış,

günəş tanış, yağış tanış, külək tanış, sən tanış

Bir də bizi tək buraxmayan qaranlıq gecələr tanış.

Qarış bu şəhərin adamlarına, qaynayıb qarış.

Dodaqların bizi unutduğu, qulaqların sakit qaldığı

bu yerlər necə də gözəl.

Gizlində dediyimizi aşkarda deyəcəyik,

və bütün küçələri qol-boyun gəzəcəyik.

Hələ insanların gur olduğu yerlərdə şəkil də çəkdirəcəyik.

Sonra, uzandığımız çəmənlikdə, pilləkənlərdə

göyərçinlər yaxın gəlib qonacaq əllərimizə,

qumru quşları baxışlarıyla məktub göndərəcək məndən sənə.

Hər anımızı kadra alacağıq;

baxıb gülən gözlərimizi, heç unudulmayacaq o günlərimizi.

Əl-ələ tutub qaçacağıq meydan, küçə boyunca,

kefini çıxaracağıq bu günlərin doyunca.


Sevib sevildiyi qədərdi bir insan ömrü.

Boşaldığın, dolduğun, sənin sən olduğun,

gecəsi gündüzündən,

gündüzü gecəsindən uzun

özgə şəhərdə yaşamaq necə də gözəl.

Çox gözəl.

17.01.2018

Vətən bİtİr

Tarixini yazmayanın
taleyin özgələr yazar.
Bir millətin taleyində
bu qədər dərdmi olar?
Orda xeyli,
burda bir az,
sonra lap az,
yenə xeyli
Torpaqları itirərək yol gəlirik.
Bu yoldumu?
Sonu varmı belə yolun???

İl dolanır,
əsr ötür,
alammırıq
itirilən,
pay verilən torpaqları.
Udammırıq
bizi udan zamanları,
bizdən qaçan
gümanları
Ölən ölür,
itən itir.
Yel aparır,
sel aparır,
il aparır
izimizi.
Bir ovucluq vətən qalıb,
torpaq qalıb
babalardan miras bizə.
Bizdən nələr qalar sizə?
Bilən yoxdu.
Yeriyirik addım-addım,
keçmişlərə boylanırıq maddım-maddım.
Yollar itir,
inam itir,
zaman bitir.
Bizim olub əldən gedən
daha bir də bizim olmur.
İtkilərin yeri dolmur.
Görən nə vaxt oyanacaq
bu şahsevən,
yatan millət,
yuxusunda batan millət?

Olanları bilə-bilə,
görə-görə
biz hələ də
yanımızdan
ötüb keçən,
itib gedən
«Gün gələcək» zamanları gözləyirik.
Gələcəkmi bizim zaman?
Kimsə bilmir.
Heç kəs dinmir,
hamı susur
lal-kar kimi.

Zaman ötür,
güman itir,
VƏTƏN bitir.

14.06.2018

«Bu gün dənizin qurbanlıq gəmisiyəm»

Bu gün dənizin qurbanlıq gəmisiyəm.
Gecənin ölüm qonağı.
Gündüzü oğurlanmış kimidi həyat.
Rahatlıq yox, tənhalıqda.
Cəmlər tək olur insanlar darıxanda.
Qaranlıqda yollar bitmir ki, bitmir.
Səhər açılmağa qorxur.
Bir meh yox, sənə əl uzada.
Hər şey «get-get» deyir,
uzağı göstərərək.
Nə var o yaxın uzaqlarda?
Kimsə bilməz.
Sükunət qoxuyur havası sovulmuş otaq.
Kədərin dadı varmış,
yoxluğun qoxusu.
Quraqlıqdan balıq iyi gəlir,
dənizdən yarpaq ətri.

08.09.2019

Boş şəhər

Bu şəhər, küçələr yenə də bomboş.

Yorğun ayağını sürüyür səki.

Süpürür şəhərdən xatirələri

saralıb tökülən yarpaqlar təki.


Bu şəhər, küçələr yenə də bomboş.

Daha inanmıram bu şəhər dola.

Bu doğma şəhərdə qəribəm, Allah,

məni də özü ilə aparan ola.


Bu şəhər, küçələr yenə də bomboş.

Qaçıb bu şəhərin əlvan bənizi,

dənizə uzanan küçələriylə,

bu şəhər boğmağa aparır bizi.

29.06.2016

Dənizdə toy

Sənin gəlişini görən ləpələr,

önünə yüyürər, arxanca qaçar.

Sonra ayağından, izindən öpər,

əyilsən üzündən, gözündən öpər.

Sonra qulağına nəsə pıçıldar,

yanağın allanar, gözün parıldar.

Səni öz yanında saxlasın deyə,

gəlib izlərini yuyub aparar.

Sən də bu sevincin sədalarında,

ləpə paltarında gəlin olarsan.

Bu gecə toyuna gələn balıqlar,

düzülər boy-boya şahidlər kimi.

Sonra bir gecəlik hey sevişərlər 

atılıb düşərlər, alqış deyərlər.

Külək də «Mendelson marşını çalar.

Bu gecə dalğalar dəniz toyunda

ləpəylə ilk dəfə bir vals oynayar.

Ay da olanları göyə yollayar.


Bu gecə bir ülvi sevgi gecəsi,

dəniz qucağında bir eşq nəşəsi.

28.11.2016

Gəl gedək dənİzə

Gəl gedək, dəniz gözlüm,
gedək burdan uzağa.
Gedək biz olan yerə,
gedək, bizim dənizə

Qovuşsun dəniz dənizə;
baxım alyanaq bənizə,
baxım mən gözə  dənizə.

Tellərini meh oynatsın,
ləpələr yusun izini.
Bu gün yenə gül açmısan,
qoy, dəniz görsün üzünü.

Bu nə görüş, bu nə yanğı,
hardan gəldi bu dərd, ağrı?
İki sevgi arasında
od oluram, su oluram 
səni dənizə qısqanıram,
mən dənizi qısqanıram.

01.09.2016

Dənİztək

Səni dəniz təki qucaqlayaydım,

səni dəniz təki öpə biləydim.


Səni dalğalartək alıb qoynuma,

səni ləpələrtək sığallayaydım.


Nə ay görə bizi, nə günəş baxa,

çəkilək dənizin sərinliyinə,

çəkilək dənizin dərinliyinə.


Bir özgə baxış da səni görməsin,

bir özgə çağırış da sənə gəlməsin.


Gəl gedək, gəl, gedək biz olan yerə,

özümü dəniztək göstərim sənə.

10.09.2017

«Dəniz də qadın kimidi»

Dəniz də qadın kimidi.
Adamı özünə çəkir:
sevdikcə sevmək istəyirsən,
getdikcə getmək istəyirsən;
ayrıla bilmirsən,
qoynuna sığınmaq istəyirsən.

* * *
Qısqanıram dənizi.
Qısqanıram səni mən 
gündüzlər günəşə,
gecələr aya.

Sən mənim dənizimsən,
dəniz gözlüm.

* * *
Bu qız gözlərimdə dəniz kimidi,
özündə min il də saxlayar məni.
Dözməyib ayrılıq dərdinə hərdən
dəniz sinəsinə bağlayar məni.

* * *
Sən ki bir dəniz kimisən.

Sənİn özəl şəhərİn

Sənə bir şəhər salım.
Yeni; iki nəfərlik.
Uzunu bir yol boyu,
eni iki nəfərlik.

Qızılgülün ətriylə
dolan bir evim olsun,
ruhumuzu oxşayan
o evim, evin olsun.

Evinin pəncərəsi
bizim dənizə baxsın.
Gündüz günəş, gecə ay
süzülüb evə axsın.

Dalğalar lay-lay desin
gecə sənin yuxuna.
Ləpə özü gələcək
hər gün səhər qoxuna.

Sənə bir şəhər salım.
Yeni; iki nəfərlik.
Uzunu bir yol boyu,
eni iki nəfərlik.

22.01.2014

Yenə

Назад Дальше