Bizi Umudsuz qoyma - Azəri Əli Bəy


Əli Bəy Azəri

Bizi Umudsuz qoyma

Bizi ümidsiz qoyma

Heç kimi qınama, dünya işinin həmişə dəyişkən və çevrilən olduğunu nəzərə al. Nəsirəddin Tusi

Gecənin bir aləmində qəfildən yuxudan ayıldı hər tərəf zülmət qaranlıq idi. Başını pəncərəyə sarı çevirdi. Yaxşı ki, göydə ulduzlar sayrışırdı, onların hənirtisini canında hiss etdi, yoxsa Umudun bağrı partlayacaqdı. Qaranlığa allergiyası olan adamlar kimi havası çatmırdı, dərindən nəfəs alıb köks ötürdü.

Çarpayısının yanında döşəmənin üstünə qoyduğu telefonunu götürüb saata baxmaq, vaxtı müəyyənləşdirmək istədi. Tez də fikrindən daşındı. Ehh, indi vaxtın nə fərqi var?! Təxmini bilirəm ki, hələ gecədir, səhərin açılmasına çox var. Bir də tutaq ki, telefonda baxıb vaxtı müəyyənləşdirdim, saatın dörd, beş, ya altının yarısı olduğunu öyrəndim. Bəs sonra? Bunun nə mənası olacaq? Gedib dəhnə bağlamayacam ki, bostan suvaram. Yer belləməyəcəm ki, əkin əkəm. Ot biçmiyəcəm, naxır otarmıyacam Mənimki elə bu çarpayıdı ki, uzadıblar.., uzanmışam

Çarpayısı pərdəsiz pəncərənin qənşərindəydi deyə hər zaman çölə baxa bilirdi. İndi də gözlərini bir neçə dəfə döyəcləyib yenə də çölə baxdı, havadan elə bil zəhrimar yağırdı, səmada təkəmseyrək sayrışan ulduzlar da bu qarmaqarışıqlıqdan bezmiş kimi gah itib-batır, gah da gözə dəyirdilər. Çox güman ki, hələ sabahın açılmasına xeyli vaxt vardı.

Bu gecə yuxusunu yaman qarışdırmışdı Umud. Ömründə bircə dəfə o izdihamlı ayrılıq günündə gördüyü komandirləri girmişdi yuxusuna. Adı necəydi onun, hə, yadına düşdü Cahangir, elə özüydü ki, vardı cahangir Cahangir Əliyev, polkovnik ulduzları ona necə də yaraşırdı, əsl sərkərdə kimi görsənirdi.

Umid bu gecə yuxuda görmüşdü ki, yamaclardan, gədiklərdən keçən bir yolla hardansa gəlir. Əlli-altmış qoyun-quzunu da qatıb qabağına. Beş dolu qucaq palıd qırması yüklənmiş boz eşşək də qabaqda qırğı kimi gedir. Umudun da əlində dəhrə var. Onun özünə də maraqlıydı, niyə dəhrə? Niyə çomaq yox, silah yox, dəhrə? Eşşəyi yükləyəndən sonra həmişə dəhrəni, baltanı, orağı yükün bir yerinə taxardı, əlində heç nə saxlamazdı, eləcə qollarını yelləyə-yelləyə eşşəyin arxasına düşüb gedərdi.

Fikirləşə-fikirləşə bir az getmişdi ki, birdən gözü qabaqda qırğı kimi gedən boz eşşəyə sataşdı. Eşşəyin yükü yaman əyilmişdi, az qalırdı yerə çatsın. Yük azca da əyilsəydi palıd qırmalarının ucu yolun üst badındakı yarğana ilişəcəkdi. Yarğana ilişən kimi yük eşşəyi aşıracaqdı.

Yol deyəndə də adamın ağzı ağrıyır, səmtsiz bir çəhlim idi, sərt yamacın döşü ilə gedib, gədiyin başına dolanırdı. Şiv palıd qırmaları yarğana ilişən kimi boz eşşək elə yük qarışıq yumalanıb düşəcəkdi dərənin dibinə. Onda da ya qismət eşşək ya sağ qala, ya şikəst ola Yamacdakı kəsilmiş ağacların çəkilləri qarnını yırtmasaydı, belindəki nizə kimi palıd qırmalarından biri ilişib ya gözünü tökəcəkdi, ya da qarnını yırtacaqdı. Şikəst eşşək də Umudun nəyinə gərəkdi

Umud tez özünü yetirdi eşşəyə. Axı eşşək hardan bilərdi ki, Umud nə düşünür. Eşşək bunları anlamırdı, heç anlaya da bilməzdi. Yükü az qala yernən sürünsə də gedirdi. Hoqquş, hoqquş deyib eşşəyi dayandırdı. Yükün əyən tərəfini qaldırdı ki, düzəlsin. Bu xeyli vaxt apardı, çünki örkən də boşalmışdı. Umud yavaş-yavaş örkəni də çəkib bərkitdi. Yük qarışıq örkəni çəkib bərkitmək asan iş deyildi, xeyli vaxt apardı. Başı yükü düzəltməyə necə qarışdısa, bir də baxdı ki, heyvanlar gözdən itib. Eşşəyi döyəcləyib yola düzəldi ki, gedib heyvanlara çatsınlar. Bir xeyli getmişdilər ki, gədiyin dolanbac aşırımında örkənin eşşəyin qarnının altından keçib belindəki palanı bərk saxlayan çatısı qırıldı və yük palanqarışıq belindən sivişib quyruğunun üstündən yerə düşdü. Yükün altından çıxan eşşək ilan ağzından qurtarıb gölə tullanan qurbağa kimi götürüldü, qaçdı və bir anın içində dağın arxasına keçib görünməz oldu. Umud baxdı ki, əlindəki dəhrə də yoxa çıxıb. Heyvanların itməsi, eşşəyin yükü salıb qaçması, bu yandan da dəhrənin müəmmalı şəkildə yoxa çıxması Umudu bərk üzdü. Məyus-məyus əyilib aşağılara baxdı ki, görsün heyvanlar su içmək üçün dərəyə tökülməyiblər

Dərənin qırağında qamışdan bir çavıstan vardı. Qapısının ağzında yekəpər pəhləvana oxşar biri oturub çay içirdi. Umud baxan kimi onu tanıdı Haramı döyüşləri zamanı briqadaya komandirlik etmiş Cahangir idi. O da Umudu tanımışdı, əli ilə işarə elədi ki, düş gəl aşağı. Tay demədi, gəl çay iç. Umud kimiydi ki, onun yanında, adi bir döyüşçü. Umud kimi döyüşçülərdən polkovnikin tabeçiliyndə minlərlə idi.

vaxtlar olduğu kimi qaça-qaça gəldi komandirinin çağırışına. Nəsə demək istəsə də səsi çıxmadı. Polkovnik də heç nə demədi, eləcə əli ilə oturmaq işarəsi verdi. Umud dəyirmi masanın ətrafına qoyulmuş kötüklərdən birinin üstündə oturdu. Polkovnik nəlbəkidəki çayını içib qurtardı. Nazik stəkanın yarısından olan qıpqırmızı çayı da nəlbəkiyə tökdü, qurtaqurtla onu da çəkdi başına.

Kim nə deyir-desin, nəlbəki çaya dad verir.  dedi.

Sonra çəkmələrini geyib ağır-ağır ayağa qalxdı. Umuda dedi ki, dur gedək.

Umud durub polkovnikin arxasınga getmək istəyəndə baxdı ki, ayaqyalındı. Bunu polkovnik də gördü. Polkovnik geri dönən kimi elə bil Umudun dili açıldı.

Axı mən ayaqyalınam!  Yavaşca pıçıldadı.  Geyməyə ayaqqabım yoxdur.

Polkovnik gülümsündü. Astadan, bir az da xışıltılı səslə dedi ki, ayaqqabıları neynirsən, uzağa getmirik, qapıdakı çəkələklərdən birini keçirt ayağına, tez gedək, gələk. Umud kötüyün üstündən yavaşca durub qamış çavıstanın keçə qapısına yaxınlaşmaq istəyirdi ki, ayağında kəskin ağrı hiss etdi; ya ayağına tikan batmışdı, ya da cücü çalmışdı, əqrəb də ola bilərdi. Hər nəydisə bərk ağrıtdı, elə bu ağrının təsirindən də Umud yuxudan ayıldı.

Umud yuxunun təsirindən çıxa bilmirdi. Bir vaxtlar kitablardan oxuduğu yuxuyozmaları xatırlayıb çözməyə çalışırdı, bacarmırdı. Yalnız yaddaşında ilişib qalan xoş xatirələr bircə-bircə göz önündə canlanırdı.

Biləsuvar gömrük-keçid məntəqəsində həmişəki kimiydi, yenə də basabasdı, yenə də sıxlıqdı.

Umudu qarşılamağa gələnlər həyəcanla gözləyirdilər. Qrupa mayor Orduxanov rəhbərlik edirdi. Iki maşınla gəlmişdilər; qərargah rəisinin Niva sını o qədər yumuşdular ki, ağappaq gəlin maşınına bənzəyirdi, tünd yaşıl rəngli Hərbi-Tibbi Yardım maşını da elə bil zavoddan indicə gətirilmişdi.

Gələnlər arasında İsgəndər adlı xüsusi şöbənin zabiti də vardı, nədənsə mayor Orduxanovun yanını kəsdirib durmuşdu, bir addım da kənara çəkilmirdi. Həkim maşınında sürücü, Rövşən həkim və tibbi bacısı Yulyadan başqa daha iki əsgər tibb təlimatçısı və sanitar da vardı.

Bir-iki siqaret çəkib gəzişmişdilər ki, keçid başladı. Baxdılar ki, tumanı uzun, saqqallı, orta yaşlı bir iranlı əlil arabasını itələyə-itələyə gətirir, Umud da bəy balası kimi oturub arabanın içində.

Lap uşaq kimi sevindilər. Necə sevinməyəydilər?! Odun-alovun içindən birgə çıxmış döyüşçü yoldaşları indi də qonşu ölkədən müalicədən sap-sağlam qayıdırdı. Göndərəndə Rövşən həkimin ümidi üzülmüşdü. Burda xəstəxanalarda gecikdirilmişdi deyə qıçı qanqrena olmuşdu. Dizdən aşağısının kəsilməyi bir yana, özünün sağ qalacağına ümid çox az idi. O qədər qan itirmişdi ki, yaşaması şübhəliydi. İndi budur sapsağlam öz ölkəsinə qayıdırdı.

Mayor Orduxanov sevinirdi Umudun yaşamasına sevinirdi Nə qədər acı olsa da əlil arabası ilə qayıtmasına sevinirdi Umud tankdan sonra piyada qalmamışdı. O, yaxşı bilirdi ki, ölkədə xirtdəyəcən problemi var, belə tezliklə Umuda əlil arabası ala bilməyəcəklər. Sənədləri nazirliyə göndərələr, çək-çevirdən sonra ona əlillik qrupu təyin edələr, növbəyə yazalar Bu, uzun bir mərəkə olacaqdı. Nə yaxşı ki, qonşu qardaş ölkədə bunu başa düşüblər. Umud kimi əlilləri vətənlərinə əlil arabası ilə qaytarırlar.

Nəhayət, gəlib çatdılar. Görüşmək üçün birinci mayor Orduxanov özünü toplayıb onlara tərəf addımladı. İlahi, Umud nə günə qalmışdı! O qarayanız dolubədənli gəncdən əsər-əlamət görünmürdü. İnsan nə tez dəyişərmiş Ağappaq olmuşdu, azca sarısı vardı. Eybi yoxdur, beş-on gün qulluğunda durarlar, yenə də gümrahlaşar, Haramının tərtəmiz vətən havası Təskinlik tapıb yaxınlaşdı. Umud da komandiri ilə görüşmək üçün uçunurdu, az qalırdı əlil arabasından yerə düşüb ona tərəf yüyürsün, dizləri üstə lap uşaq kimi iməkləsin

Mayor Orduxanov addımını yeyinlədib özünü onlara yetirdi və əyilib Umudun boynunu qucaqladı. Sonra da o biriləri növbə ilə Umudun boynuna sarılıb görüşdülər.

Axırda Yulya utana-utana Umuda yaxınlaşdı. Əvvəlcə hamı kimi əyilib boynunu qucaqlamaq, üzündən öpmək istədi. Nə fikirləşdisə, dayandı matdım-matdım ona baxdı Baxdı və hönkürə-hönkürə əyilib onun boynuna sarıldı. Bayaqdan özünü güclə saxlayan Umud da içindəkiləri boşaltdı, onun hıçqırığı Yulyanın hönkürtüsünə qarışdı

Yulya xoş görünüşlü ucaboy, sarışın bir rus qızı idi. Atası Gennadi rus ordusunun peşəkar zabitidir. Rusiyanın Volqoqrad şəhərində hərbi xidmət keçərkən Yevdakiya ilə evlənib. Ailənin böyük qızı Nadya elə Volqoqrad şəhərində dünyaya gəlib. Bir neçə ildən sonra Gennadini təyinatla Azərbaycana göndəriblər. Elə o vaxtdan ailə Salyan rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yaşamalı olub. Yulya da burada dünyaya gəlib. Təxminən on beş il burada yaşayandan sonra Gennadini Uzaq Şərqə xidmət keçməyə göndəriblər, daha doğrusu, o, özü bunu rəhbərlikdən xahiş edib. Təqaüdə çıxmazdan əvvəl Uzaq Şərqdə yaxşı staj yığacaqdı, maaşı da yüksək olacaqdı.

Gennadi ilə Uzaq Şərqə getməyə arvadı Yevdakiya razılıq verməyib. O, gedəndən sonra daha iki il həmin hərbi şəhərcikdə yaşayıb, əvvəlki işində işləyib. Böyük qızı Nadya da orta məktəbi bitirəndən sonra anasının yanında işə düzəlib.

Hər şey Yulya Tibb texnikumuna qəbul olandan sonra başlayıb. Gennadi təqaüdə çıxandan sonra Azərbaycana deyil, Volqoqrada qayıdacağını yazıb. Anası ilə Nadya da köçüb getməyi təklif ediblər. Yulya isə oxuyacağını, sonra da Azərbaycanda qalıb işləyəcəyini bildirib. Bu o vaxta təsadüf edirdi ki, ölkə dağılmağa sürüklənir, daxildə parçalanma gedirdi. Müstəqil dövlətlərin yaranması ilə çoxlarının ölkələrdən-ölkələrə köçünə təkan vermişdi.

Yevdakiya ilə Nadya köçməyə qərar verəndə Yulya inadından geri çəkilmədi:

Sizin vətəniniz Volqoqraddırsa, mənim də vətənim Azərbaycandır. Siz gedin, mən qalıb oxuyacam.

Bəs sonra?  Anası israrla soruşdu.  Sonra da gedib müharibədə yaralananların yaralarını sarıyacaqsan?

Bəli!  Bu Yulyanın ağlına da gəlməzdi, amma anasının deməyi ilə beyninə girdi.

Onda qal.

Anası ilə bacısı köçüb getdilər, Yulya isə təhsilini davam etdirdi. Müharibə təzə-təzə alovlanırdı. Bir müddət anası pul göndərir, yardım edirdi. Elə ki, təhsilini başa vurdu, anasının yardımları kəsildi.

Həmin vaxt daha çox gənclər ölkənin müdafiəsinə qoşulurdu. Yulya da qərarını verdi.

Çox keçmədi ki, tale onu Haramıda döyüş mövqeyində olan hərbi hissəyə gətirdi. Umudla tanışlıq da elə burda baş verdi. Həmin gün Umudgilin ekipajını və çoxlu tankçını Ağdam cəbhəsindən Haramıya gətirmişdilər.

İndi Yulya Umudun boynuna ən əziz, ən doğma adamı kimi sarılmışdı. Sağ-salamat gördüyünə nə qədər sevinirdisə, bir neçə saatdan sonra itirəcəyinə təəssüflənirdi. Xeyli müddətdən bəri isinişdiyi adamı bir daha görməyəcəyindən qorxur və hıçqırırdı.

Gəlin çəkilək kənara, qoy yüngülləşsinlər. Bayaqdan hiss edirdim ki, bahar buludu kimi dolublar.

Mayor Orduxanov iranlını da götürüb kənara çəkildi. Onun əlini iki əlləri arasına alıb sıxdı.

Heç bilmirəm, sizə necə təşəkkürümü bildirim. Bizə bu sevinci yaşatdığınıza görə o taylı qardaşlarımıza minnətdarıq.

İranlı başı ilə qarşılığını bildirdi, hansısa sənədləri mayor Orduxanova verdi, sənədin birinə də qol çəkdirib özündə saxladı. Mayor Orduxanov əlil arabasının sənədi olduğunu zənn etdi və farsca yazılmış anlamadığı kağızları Rövşən həkimə ötürdü. İranlı görüşün uzun çəkdiyini görüb ciddiləşdi:

Babam!  dedi.  Xəstanızı götürün, mən arabanı aparmalıyam. Vəxtim yoxdu gözlamağa.

Bu sözdən hamısı tutuldu. Mayor Orduxanov Rövşən həkimə, Rövşən həkim də İsgəndərə baxdı, sadəcə çiyinlərini çəkdilər.

Belə də olur.  Mayor Orduxanov təəssüflə dilləndi və işarə elədi ki, deyiləni eləsinlər.

Tibb təlimatçısı ilə sanitar əsgər Umudu əlil arabasından dik götürüb hərbi-tibbi yardım maşınına tərəf apardılar.

Ora yox!  Mayor Orduxanov səsləndi.  Niva ya, özü də qabaq oturacağa

Umudun ürəyi dağa döndü, o, belə də zənn etmişdi, mayor Orduxanov onu, elə o biri döyüşçüləri də özünə doğma, bəlkə də, qardaşdan yaxın bilirdi. Heç vaxt razı ola bilməzdi ki, keçmiş döyüşçüsü, özü də bu vəziyyətdə narahat yerdə aparılsın. Hələ yaşı qurumamış gözlərindən iki damcı sevinc yaşı axıb sifətini yandırdı.

İsgəndərin rəngi-rufu dəyişdi, mayor Orduxanovu tərs-tərs süzdü: Bu nə edir? Umud qabaqda oturacaqsa, deməli mən keçib arxada oturmalıyam? Hə, heç nə olmaz, elə Orduxanovla biz ikimiz də arxada oturacağıq! Bir az rahatlandı, bir az təskinlik tapdı.

İranlı kolyaskanı götürən kimi heç sağollaşmadan onlardan uzaqlaşdı.

Hamı yerinə!  Mayor Orduxanov səsləndi.

Niva nın sürücüsü Rahib əli ilə sürücü oturacağını qabağa əyib əli ilə tutdu ki, İsgəndər arxa tərəfə keçsin. İsgəndər keçib yerini rahatlayandan sonra gözlədi ki, bəlkə mayor Orduxanov da arxa oturacağa keçəcək.

Nə gözləyirsən?  Mayor Orduxanov Rahibə baxdı.  Özün də arxaya keç.

Rahib arxa oturacağa keçib İsgəndərlə yanbayan oturdu. İsgəndər pərt olsa da daha büruzə verməyi əhəmiyyətsiz bildi.

Bu şərəfi əldən buraxmaram.  Mayor Orduxanov yerini rahatlayıb mühərriki işə saldı.

Hansı şərəfi?  İsgəndər pərtliyini büruzə verməmək üçün maraqlandı.

Umud kimi qəhrəman döyüşçüyə sürücülük etmək şərəfini. Belə şans hər dəfə ələ düşməz.

Niva qabaqda, yamyaşıl hərbi-tibbi yardım maşını da arxasınca yola düşdü. Baş yola çıxana kimi heç kim danışmadı. Elə ki, baş yola çıxıb sürəti tarazladı, mayor Orduxanov üzünü Umuda tutub gülümsündü. Umud fürsət gözləyirmiş kimi araya söz saldı.

Sizi də təbrik edirəm, mayor rütbəsi almısınız.

Çox sağ ol, Umud.  Sağ əlini sükandan ayırıb Umudun çiyninə vurdu.  Sən bundan da yüksək rütbəyə layiqsən. Hə, danış, görüm, babalar sənə necə qulluq göstərirdilər?

Sağ olsunlar. Bir dənə davranışları nəyə desən dəyərdi. Adamı o qədər mehriban dindirir, şirin-şirin danışdırırdılar ki, elə bil yaxın qohumların, kəndçilərindi. Bir də öz aralarında hamısı bir-birinə ağa deyə müraciət edirlər.

Bəs, babam?  İsgəndər müdaxilə etdi.

Sizə babam, babam demələrinə baxmayın

Deməli, sən orda ağeyi Umud oldun Mayor gülümsündü.

Hə, elə deyirdilər Umud da qımışdı.

Özgə deyillər ki onlar da bizdəndi bizimdi yarımız Arazın bu tayında yarımız da o tayında

Hərdənbir söhbət düşəndə onlar da belə deyirdi.  Umud nə fikirləşdisə əlavə etdi.  Yox, onlar ayrı cür deyirdilər. Deyirdilər ki, buralar o tayın olub bir vaxtlar Sonra Şahənşah Rusiya ilə cəngi aparıb ki, buraları qorusun, qoruyammıyıb. Urus güclü olub, cəngi qazanıb, buraları o taydan qoparıb. Yoxsa, indi buralar da İranın tərkibindəydi. Onda ermənini həddi nəyidi cəngi açsın, buralara hücum eləsin

Mayor Orduxanov güzgüdə İsgəndərə göz vurdu

Umud, farslar belə danışırdı, yoxsa o taylı azərilər?  İsgəndər soruşdu.

Дальше