Bizi Umudsuz qoyma - Azəri Əli Bəy 2 стр.


Heç bilirsən ki, farslar hansıdı, azərilər, ermənilər hansı?  Umud qanrılıb arxaya baxa-baxa cavab verdi.

Orda ermənilər də işləyir?  İsgəndər sual yağdırmaqda davam edirdi.

Orda çoxunun familiyasının sonluğu yandır; ermənisinin də, farsın da, azərinin də Bir də Təbrizin ən yaxşı həkimləri elə ermənilərdi. Onlar hər il xaricə gedib təhsillərini artırırlar. Azərilər də bəsimdi, buna da şükür deyib Allaha dua edir, yerlərində sayırlar. Babam, bundan sonra gedib professor olmuyacam ki?

Hə Mayor söhbəti dəyişmək istədi, amma Umud imkan vermədi.

Hə, bir də, çox xəsisdilər.  Umud qabağa çevrilib yola baxa-baxa söhbətinə davam etdi.  Əsl Hacı Qaradılar. Xəsis Culfa onların yanında toya getməlidi. İynəni də adama elə vururlar ki, elə bil qırx ildi onlardan borc alıb qaytarmamışıq. Cənab mayor, bizim hökumət onlara pul ödəmir ki, bizi müalicə etsinlər?

İndi onun yeri deyil, Umud. Ola bilər ki, bizim hökumət hələlik pul ödəməyib. Müharibə aparan ölkə pul ödəməz, qonşulardan borc alar. Qayda belədir. Ancaq qoy, bu müharibə qurtarsın, bircə Qarabağ məsələsi həll olunsun.., bizim hökumətimiz heç kimə borclu qalmayacaq Hamının borcunu artıqlaması ilə, hələ desən faizi-sələmi ilə ödəyəcək. Biz güclü dövlət olacağıq; həm iqtisadi, həm də hərbi cəhətdən. Həm də

Mayor Orduxanov nə fikirləşdisə, gerisini demədi. Onun nə deyəcəyini gözləyirmiş kimi nə İsgəndər, nə də Umud bir söz də olsun əlavə etmədi. Gözlədilər, gözlədilər, Orduxanovdan da səs çıxmadı.

Qabaqda Dövlət Yol Müfəttişliyi postu vardı. Postu keçənə kimi heç biri dinib danışmadı. Mayor Orduxanov güzgüyə baxırdı, görsün o biri maşın çox geridə qalmayıb ki

Umud, yaralandığın yadındadırmı?  Postu keçəndən sonra İsgəndər maraqlandı.

Umud çevrilib komandirə baxdı ki, görsün nə deyir. Mayor Orduxanov sükandan bərk-bərk yapışmışdı, gözü ancaq yolda idi, fikri, xəyalı bəlkə də Haramıda dolaşırdı.

Qorxma, danış.  İsgəndər ürəkləndirdi.  Komandirinə niyə baxırsan? Qorxursan ki, danışmağına icazə verməyə? Burda nə var?! Bir də kənddə bostan oğurluğuna getməmişdin ki, cələyə düşüb qıçını qırasan. Ermənilərlə vuruşurdun, vətəni müdafiə edirdin, yaralandın.

Yaralandığım yadımdadır. Siz düz deyirsiniz, döyüşdə yaralandım. Amma yenə də yaxşısını komandir bilir Umud təəssüf dolu baxışlarla başını buladı.

Bəyəm komandir də sənin yanındaydı yaralananda?  İsgəndər inanmırmış kimi soruşdu.

Bəli.  Umud qəti cavab verdi.

Bəs axı sən sol cinahda yaralanmısan. Tabor komandirin də mərkəzdə hücumda olub.

Bizim komandir ayrı komandirdi, o, hər yerdə olurdu. Neçə ildir müharibədir, ermənilərlə davadayıq, mən üç döyüş bölgəsi dəyişmişəm, hələ belə komandir görməmişəm. Harda qızğın döyüş gedir, komandir tez özünü yetirir ora. Həmişə BMP-2-nin üstündədir. Bir dəfə bərk döyüş gedirdi. Erməni tankları başımıza od ələyirdi, mərmilər dolu kimi yağırdı.  Sanki Umudun dili açılmışdı.  Əsgərlər səngərlərdən baş qaldıra bilmirdilər. Biz tankçılar da nişan alıb atəş aça bilmirdik, elə allah umuduna hərdənbir birini ermənilər tərəfə atırdıq. Bir də gördük arxadakı təpənin üstündən hacıleylək dimdiyini şaqqıldatdı.

Nə, Hacıleylək? Sənin kod adın beləydi?  İsgəndər mayordan soruşdu.

İmkan ver, qoy danışsın.

Ləzzət eliyir hə, əsgərin dilindən xoş sözlər eşitmək?

Əsgərinin söylədikləri komandirin ən böyük mükafatıdır. Mənim kod adım Zireh idi. Əsgərlər PDM-2-yə öz aralarında Hacıleylək deyirdilər.

Yaxşı, Umud, danış. Danış, görək, sənin bu komandirin daha hansı oyunlardan çıxıb ermənilərin qabağında.

Ermənilər yaxşı bilirdilər. Komandirin hacıleyləyi şaqqıldıyan kimi dığalar siçan deşiyini satın alırdılar.

Umud bunu deyib dayandı.

Hə, Umud, gərək belə olmayaydı, amma oldu. Görünür, Tanrının yazısı beləymiş.  Mayor Orduxanov danışmağa başladı.  Həmin gün biz Bəytəpə əməliyyatına hazırlaşırdıq. Yarğan sıra təpələrini alandan sonra ermənilər Bəytəpə yüksəkliyində və oradan sağa-sola uzanan təpələrdə möhkəmlənmişdilər. Üç gün idi piyada qoşunumuz hücum edirdi, təpələri ala bilmirdi. Əmr olunmuşdu ki, tanklarla hücuma keçək. Sənin tankın da hücum qrupundaydı. Tam hazırlıq görüləndən sonra sizə dinclik verdim ki, yatasınız. Özüm isə səhərki döyüşü düşünür, döyüşdən az itgi ilə çıxmaq üçün bir daha hər şeyi götür-qoy edirdim. Bərk yorulmuşdum. Gecənin bir aləmində özüm də mürgüləmək istəyirdim ki, sən sayıqlamağa başladın. Qoymayın! Məni burda qoymayın! Komandir!!! Öz səsinə az qala özün oyanacaqdın, o biri əsgərləri də oyadacaqdın. Yaxınlaşıb əlimi alnına qoydum, qızdırman vardı, od içində yanırdın. Dərhal sənin tankını ehtiyata keçirmək barədə qərara gəldim. Xəbəriniz olmadan sağ cinahdakı üç tankdan birini mərkəzə gətizdirdim. Alaqaranlıqdan sizi yuxudan qaldırdıq. Sənin tankının ehtiyatda qalmasını tapşırdım. Döyüşə gedə bilməməyindən məyus oldun. Burnunu sallayıb kənara çəkildin. Mənim sözümdən çıxa bilmirdin, amma döyüşdən qalmaq da istəmirdin. Nə isə Biz üç tank və mənim sərəncamımda olan PDM-2-nin dəstəyi ilə səhərin alatoranlığında hücuma keçdik. Elə birinci həmlədə itgisiz Bəytəpəni götürdük. Birinci, ikinci motoatıcı taborlar sağ-sol cinahlardan hücumu genişləndirdilər. Bəytəpə dən sağda, yəni ikinci tabordan sonra dördüncü, solda, birinci tabordan sonra altıncı tabor olmaqla silsilə təpələri ermənilərdən aldıq. Səhər saat doqquz olmadan günün tapşırığı yerinə yetirilmişdi. Arada fürsətdən istifadə edib əsgərlərə səhər yeməyi yedirtmək istəyirdik ki, ermənilər mərkəzdən əks-hücuma keçdilər. Güclü əks-hücum olsa da dəf edə bildik. Ermənilərin bir az zəif ikinci əks-hücumu dördüncü tabor istiqamətində oldu. Onu da dəf etdilər. Günorta yeməyi zamanı artıq tam arxayınlaşmışdıq ki, daha ermənilər möhkəmlənmək üçün yeni mövqe seçərlər, əks-hücuma keçməzlər. Bir də baxdıq ki, sol cinahımızda qırğındır. Elə bu zaman briqada komandiri ratsiya ilə bildirdi ki, ermənilər əks-hücuma keçib, altıncı taboru yeni aldıqları mövqedən çıxarıb. Mənə əmr edirdi ki, təcili həmin taborun döyüş mövqeyinə gəlim. Orada olan iki tankla və geri çəkilmiş taborun əsgərləri ilə yenidən hücum təşkil edim və erməniləri mövqedən çıxarım. Mən Bəytəpə istiqamətində hücumda iştirak edən tankçılara tapşırıq verib PDM-2 ilə geriyə, Umudun tankı duran yerə gəldim. Umud vurnuxur, özünə yer tapa bilmirdi, döyüşdən kənarda qaldığını özünə bağışlamırdı. Məsələni onlara izah etdim və birlikdə altıncı taborun döyüş mövqeyinə gəldik. Orada olan iki tankı və əllidən çox atıcı əsgəri cəmləşdirib hücum təşkil etdim. Elə dörd-beş yaylım atəşindən sonra ermənilər səngərlərdən çıxıb qaçdılar, biz bunu gördük. Sürətlə səngərlərə tərəf irəlilədik və səngərlərə əlli-altmış metr qalmış mən tanklara dur əmrini verdim. Səngərlərin qarşısında minalanmış sahə ola bilərdi. Sərəncamımızda olan altı nəfər istehkamçını göndərdim minaların olub-olmamasını yoxlamağa. Bu zaman Umud əlində avtomat tankın üstündən yerə atıldı və səngərə tərəf götürüldü. Onun arxasınca qışqırdım:

Umuuud!!! Dayaaan!!!

Umud isə eşitmirdi, öz aləmindəydi. Döyüşə hazır vəziyyətdə qaça-qaça səngərin yanına gəldi və səngərin içinə tullandı. Onun səngərə tullanması ilə nəyinsə partlaması bir oldu. Mən heç nəyə məhəl qoymadan onun yanına qaçıb gəldim. Umud yerə uzanmışdı, çabalayırdı. Hər iki ayağı dağılmışdı. Şiddətli qan axırdı. Tez gödəkçəmin kəndirini dartıb çıxartdım və onun ayağının birini topuqdan yuxarı bağladım ki, qanaxma dayansın. Əsgərlər də o biri ayağını bağladılar. Onu qaldırıb tanklar duran yerə gətirdik. Rahib sanitar maşını döndərib hazır vəziyyətdə saxlamışdı. Umudu maşına qoyan kimi yerindən götürüldü.

Umuuddd, tez qayıt! Bizi Umudsuz qoymaaa!!!  Tankçılardan kimsə arxasınca qışqırdı.

Bu zaman istehkamçılar gəlib dedilər ki, hər yer tərtəmizdir, mina yoxdur. Sən demə üç səngərdə ermənilər cəmi bir mina basdırıbmış, o mina da Umudun adına yazılıbmış

Umud doluxsundu, elə mayor Orduxanov da pis oldu, amma bunu sezdirməmək üçün arxa oturacaqda oturan nivanın əsl sürücüsü Rahibə tapşırıq verdi:

Komandirinə bir siqaret yandır!

Rahib tez döş cibindəki dəbdə olan Prezident qutusundan bir siqaret çıxartdı, alışdırıcı ilə yandırıb mayora uzatdı. Mayor Orduxanov siqaret sönməsin deyə alıb iki-üç qüllab vurdu və ciyərlərinə çəkdiyi tüstünü pəncərədən çölə üfürdü.

O vaxt həm imkan olmadı, həm də soruşmağın yeri deyildi.  Mayor Orduxanov dilləndi.  Sən birdən-birə nə fikirləşdin ki, belə hərəkət etdin?

Komandir, siz səhər-səhər də məni döyüşə aparmamışdınız, odur ki, özümə yer tapa bilmirdim. İndi də səngərin beş addımlığında dur komandası verdiniz. Dişim bağırsağımı kəsirdi. Əvvəlcə avtomatı götürüb yerə düşdüm. Səngərin lap yaxınlığında olduğumuzu gördükdə özümü saxlaya bilmədim. Mənə elə gəldi ki, səngərdə bir erməni əsgəri gizlənir. İndicə o, qalxıb qumbaraatanla tankımızı vuracaq. Onun üstünə qaçdım. Həm də qaçdım ki, ermənini məhv edib mövqeyə sahib çıxım. Düşündüm ki, bizim qələbəmiz mənim səngərə girməyimdən asılıdır. Odur ki, heç hara baxmadan, heç nə eşitmədən qaçdım. Heç sizin çağırışınızı da eşitməmişdim.

Ola bilər!  Mayor Orduxanov təəssüflə bildirdi və siqaretindən dalbadal bir neçə qüllab vurub pəncərədən çölə atdı.

Komandir, bizimkilər indi hardadır?  Qısa fasilədən sonra Umud soruşdu.

Umud, sən oraları tanımazsan.

Çoxmu qabağa getmisiniz? Kənd varmı orda?

Təəssüf ki, bizim qismətimizə kənddə döyüşmək, kənd azad eləmək düşmədi. Aşağı Veysəlli kəndini azad edəcəydik ki, atəşkəs oldu.

Daha döyüş getmir? Heç güllə də atmırlar?

Yox, Umud, yox. İndi ermənilər öz səngərlərində oturub bizə baxırlar, biz də oturub onlara

Gözləyirik ki, görək başbilənlər o qanmazları nə vaxt başa salıb müharibəni bitirəcəklər.  Bunu İsgəndər əlavə etdi.

Nədənsə, söhbətin belə alınması heç birinin ürəyincə olmadı. Diqqətlərini kirimişcə durub yolu nəzərdən keçirməyə yönəltdilər.

Daşburun dördyolundan sağa döndülər. Buralar Umuda tanış gəldi. Tankları təmir edən səyyar dəstə Daşburunda yerləşdiyindən Umud bir dəfə tankını bura gətirmişdi. Qarşıda rayonun alaqapısı idi. Onlar qala divarlarına bənzər ala qapını geridə qoyanda Umudun həyəcanı bir az da artdı. Sanki, o, yenidən döyüşə yollanırdı. Mayor Orduxanov onun həyəcanını hiss edir, mənzil başına tez çatmaq üçün maşının sürətini artırırdı. O, istəyirdi ki, Umudu hərbi hissənin qərargahına daha tez çatdırsın. Ona göstərsin ki, döyüşçü dostları, briqadanın digər döyüşçüləri onun sağ-salamat qayıtmasını necə səbirsizliklə gözləyirlər. Hələ kənd camaatı

Komandir, deyirsiniz yəni, tam atəşkəsdir?  Umudun fikrinə nə gəldisə, birdən soruşdu.

Elədi, Umud.  Mayor qısa cavab verdi.

Yəni, snayperlə də erməni vurmaq olmaz?  Umud bu dəfə astadan dedi, elə bil komandirinin qulağına nə isə pıçıldayırdı.

Nədi, Umud, qisas almaq istiyirsən?  İsgəndər bunu eşitcək müdaxilə etdi.

Umudun qisası çoxdan alınıb!  Mayor Orduxanov Umuda ağzını açmağa imkan vermədi.

Dümağ rəngli Niva Daşburun Beyləqan şossesindən üzü Allahyarlıya tərəf yön alanda onların arxasınca daha bir neçə maşın qoşularaq karvan yaratdı. Bəzədilmiş və hər birində bayraq qaldırılmış maşınları görəndə Umudun ürəyi dağa döndü. Onların arxasınca gələn kolxoz sədri Rasimin xidməti maşını UAZ-ı Kamandar sürürdü. Elşən, Nabil, Mərkəz, Qəşəm və Seyfulla isə öz şəxsi maşınlarını sürərək siqnal verir, bununla da karvanı əzəmətli edirdilər.

Komendant bölüyünün komandiri Valeh siqnal səsini eşitcək qaçaraq nəzarət-buraxılış postuna gəldi. Şlaqbaumu qaldıraraq gələnləri hərbi qaydada salamladı. Postda növbədə duran üç əsgər isə onun sol tərəfində farağat vəziyyətində durdular, karvanı onlar da baxışları ilə müşaiyət etdilər.

Nəhayət, maşın karvanı kəndin girəcəyinə çatıb sola buruldu. Burada yol boyu kənd camaatı və məktəblilər düzülmüşdü. Maşın karvanı aşağı sürətlə onların qabağından keçib kolxozun inzibati binasında yerləşən qərargahın qarşısına gəldi. Burada onları musiqi sədaları altında qarşılayırdılar.

Umud, bax, gör səni kimlər qarşılayır! Briqada komandiri polkovnik Cahangir Əliyev, kolxoz sədri Rasim, kənd icra nümayəndəsi Ərşad, qərargah rəisi, müavinlər, xidmət rəisləri. Görürsən də, böyüklər, vəzifəli şəxslər sənin pişvazına çıxıb.

Onlara yaxınlaşanda mayor Orduxanov maşını saxlayıb yerə düşdü. Geyimini sahmanlayıb komandirə yaxınlaşdı və hərbi salam verib məruzə elədi.

Umud maşında oturub həyəcandan bilmirdi neyləsin! Onu az qala qəhrəman kimi qarşılayırdılar, bəlkə elə, doğrudan da qəhrəman ulduzu veriblər. İndi Umud bunun fərqində deyildi. Qərargahın qabağında toplaşan mülki adamların arasında yaxınlarını, doğmalarını axtarırdı. O, çox göz gəzdirsə də heç kimi görmədi. Görəsən, bizimkilərə niyə xəbər eləməyiblər? deyə düşündü.

Hərbi hissə komandirinin müşavirə otağında ziyafət süfrəsi təşkil olunmuşdu. Umudu komendant bölüyünün iki cüssəli əsgəri maşından götürüb içəri apardılar. Yuxarı başa keçirib masanın baş tərəfində, komandirin stulunun yanındakı stulda əyləşdirdilər. Ziyafət çox gözəl keçdi, yedilər, içdilər, ölənləri yad elədilər, qalanların da şərəfinə xoş sözlər deyib, sağlığına badə qaldırdılar. Atəşkəsdən sonra ilk dəfəydi ki, komandir bu qədər döyüşçü-zabit heyətini süfrə ətrafına toplamışdı.

Umud ziyafəti onunla vida mərasimi kimi zənn etdiyindən azca məyus da oldu. Ziyafətdən dərhal sonra komandir kapitan Hüseynova Umudun sənədlərini hazırlamaq tapşırığını verdi. Umud bu uzundraz kapitanı tanıyırdı, adı Zakir idi, özü də səfərbərlik-təşkilatçılıq işlərinə baxırdı. Onlar Ağdam cəbhəsindən Haramı cəbhəsinə döyüşə gələndə də kapitan Zakir Hüseynov qarşılamışdı, məlumatlarını iş dəftərinə qeyd eləmişdi.

Zabitlər, xüsusən də tanıdıqları bir-bir Umuda yaxınlaşır, görüşür, hal-əhval tuturdular. Darıxmasın, özünü yad hiss eləməsin deyə köhnə döyüşçü ilə şirin-şirin söhbətlər edirdilər. Yusif həkim də onların arasındaydı. Çiynində dörd parlaq ulduz olan Yusif həkim əslən Neftçala rayonundan idi, Umudla xeyli vaxt vardı ki, bir-birlərini tanıyırdılar. Demək olar ki, həmyerli kimi də isinişmiş, dostlaşmışdılar.

Yusif həkim, indi hardasınız?  Umud maraqlandı.

Xəbərin olsun, mənim vəzifəmi böyüdüblər. Birləşmə hospitalının rəisiyəm, bir ay olar ki, işə başlamışam. Sənin gələcəyin xəbərini eşidib çox sevindim. Gəldim görüşməyə.

Nə gözəl, nə yaxşı!  Umud sevincini gizlətmədi.

Yaxşı günün olsun! Gedək, bir müddət də bizim qonağımız ol. Hospitalda hər cür şəraitimiz var. On-on beş gün qalıb istirahət edərsən, sonra yola salarıq, gedərsən evə.  Yusif həkim təklif etdi.

Yox, Yusif həkim! Bilsən ki, anamçün necə darıxmışam, belə deməzsən. Evə getmək istəyirəm.  Umud başını buladı.

Ev həmişə yerindədi, anan da qaçmır ki! Istədiyin vaxt gedib görəcəksən. Amma bizim hospital şansın bir də ələ düşməyəcək. Sən çıxıb gedəcəksən, olacaqsan mülkü adam. Mən də mülkü adamı hospitala qəbul edə bilməyəcəyəm.

Sağ ol, əziz ol. Elə bilirəm ki, beş-altı gün də sizin hospitalda dincəlmişəm.  Umud razılığını bildirdi.

Ağlın o taydakı hospitala getməsin, başıbağlıların hamısının sifətindən zəhrimar yağır.

Назад Дальше