Bizi Umudsuz qoyma - Azəri Əli Bəy 7 стр.


Toplantı həyətdə təşkil olundu. Əvvəlcə məktəbin direktoru çıxış elədi. Çox danışmadı, toplantıya yığcam giriş verdi. Onun ardınca iki-üç nəfər müəllim çıxış nitqi söylədi, şagirdlər sərhədçilərin şəninə yazılmış şeirlərdən parçalar oxudular. Leytenant Osmanovun nəzərləri izdihamın içində həmin o qız müəlliməni gəzirdi ki, çıxış üçün söz ona verildi.

İndi də çıxış üçün söz dil-ədəbiyyat müəllimi Sara Bəydəmirovaya verilir.

Sara söhbəti tələbəlik illərindən saldı, tez-tez hərbi məktəblərdə təhsil alan müdavimlərlə görüşlərindən bəhs etdi, bir dəfə Sərhəd Qoşunları Akademiyasında keçirdikləri görüşdən, ayrılmaq istəmədiyi xoş təəssüratlardan danışdı.

O, danışır, leytenant Osmanovun xəyalları isə geriyə qayıdırdı, onu həmin xoş günlərə səyahətə aparırdı. Osmanov bayaqdan diqqət yetirdiyi həmin qızı xatırlayırdı, özü də yaxşı xatırlayırdı.

İndi də söz sərhəd zastavasının nümayəndəsi leytenant Osmanova dünənki günümüzün qəhrəmanına verilir.  Alqışlar içində ani olaraq fikir-xəyal aləmindən ayrılan leytenant Osmanov özünü cəmləşdirməyə çalışsa da tər onu basdı, birtəhər iki addım atıb qabağa çıxdı.

Həmvətənlərim! Dövlət həm də mükəmməl qorunan sərhədləri ilə tanınar. Sərhədləri qorumaq isə millətin ən vacib vəzifəsidir. Biz sərhədçilər dövlət sərhədlərinin müdafiəsini təşkil edirik. Bu işdə hamının köməyi olmalıdır. Necə ki, dünənki əməliyyatda, Kor Miseyibin tutulmasında Habillə Cümşüd bizə lap yaxından köməklik göstərdilər. Onlar olmasaydı cinayətkar belə tezliklə yaxalanıb ifşa edilməyəcəkdi. Kim bilir, bundan sonra o, dövlət sərhədlərini neçə dəfə pozmağa cəhd göstərəcəkdi, daha hansı fitnə-fəsadlar törədəcəkdi. Zastava rəisinin əmri ilə Habil və Cümşüd sərhədçinin dostu döş nişanı ilə təltif olunurlar. Buyursunlar.

Alqış sədaları altında Habillə Cümşüd leytenanta yaxınlaşdılar. Osmanov əvvəlcə Habilin, sonra Cümşüdün yaxasına döş nişanlarını taxaraq onların əlini sıxıb təşəkkürünü etdi.

Hər kəs çalışmalıdır ki, Habillə Cümşüd kimi sərhədçilərə kömək etsin.  Habillə Cümşüd daha gur alqış sədaları altında cərgədəki yerlərinə qayıtdılar və alqışlar kəsildi, gözlər leytenanta dikildi, o, çıxışını yekunlaşdırmalıydı ki, toplantı başa çatsın.  Sizin aranızda sərhədçilərin daha bir dostu var.  Leytenantın son kəlməsi izdihamı təlatümə gətirdi, hamı onu axtarmağa çalışdı. Onun kim olduğunu cərgələrdə axtardılar, leytenant susdu. Tapmadıqda sual dolu baxışlar yenidən leytenanta dikildi. Hamı həyəcanla gözlədi ki, görəsən leytenant kimin adını çəkəcək.  O insan hamınızın yaxşı tanıdığı Sara xanım Bəydəmirovadır. Onun sorağını mən hələ Akademiyada oxuyanda almışdım. Fədakar qızcığaz müdavimlərə çox köməkliklər göstərirdi, kitabxanalardan öz adına kitablar, lazım olan ədəbiyyat dərslikləri tapıb gətirirdi, vətənpərvərlik disputlarında fəal iştirak edirdi, tələbələrlə müdavimlər arasında mövzu mübadilələri təşkil edirdi. Hamımızın sevimlisinə çevrilmişdi Sara. Heç təsəvvür etməzdim ki, burada, ucqar bir dağ kəndində onunla rastlaşa bilərəm. Sara Bəydəmirova da sərhədçinin dostu adına layiqdir. Buyursun!

Sara xanım cərgədən çıxıb şux addımlarla leytenantın qabağına yeridi, bir anlıq baxışdılar. Bu ki, Savalan babanın evindəki şəkilin özüdür yadına düşdü Osmanovun, ürəkdən gülümsündü Saranın üzünə, Sara da ona gülümsündü, harda isə o da Osmanovu xatırlayırdı deyəsən.

Xəyallardan ayrılan leytenant Osmanov Saraya tərəf yarım addım atıb üçüncü nişanı onun yaxasına taxdı. Həzin əsən mehin güclə tərpətdiyi palıd yarpaqlarının yaratdığı xışıltıya bənzər qırıq-qırıq səslər çıxartdılar, yalnız ikisinin güclə eşidə biləcəyi tərzdə, yəni dodaq tərpənişindən anlaşılacaq kimi pıçıldaşdılar.

Tanıdın?

Tanıdım

Əhsən!

Xoş gördük!

Nişan taxılma mərasimində çox qısa, amma günəşin özü qədər isti dialoq alındı aralarında. Bu isti hər ikisinin sifətini qarsdı, yanaqlar allandı. Toplantı bununla da dağıldı. Məktəb direktoru Güloğlan müəllim onları nahara dəvət etsə də qalmadılar. Leytenant Osmanov zastavaya qayıdıb olanları mayor Bədəlova danışmağa tələsirdi. Kənddən yenicə aralanmışdılar ki, o, dayandı. Ürəyi özündə deyildi deyə ayaqları getmirdi. Ona elə gəldi ki, məktəbin pəncərəsindən Sara onun arxasınca baxır. İlahi, bu nədir, olmaya eşqə düşmüşəm, vurulmuşam? Görəsən, eşqə düşmək necə olur? Geri qanrılıb kəndə, məktəbə, bir də açıq səmaya baxdı İlahi, mənə vətəni sevdirdin, vətəni sevməyi özümə borc bildim. Vətən borcu canıma, qanıma elə hopdu ki, başqa nəyəsə yer qalmadığını düşündüm! Borcumu yerinə yetirməyə gəldim, burda da qarşıma sevgimi çıxartdın!

Kənddən xeyli aralanmışdılar, məktəb bir kibrit qutusu boyda görünürdü, pəncərələr isə nöqtə kimiydi, gözün bəbəyindəki nöqtədən də balaca. Sara, mən sənə bunu çoxdan demək, ürəyimi açmaq istəyirdim, lakin sən bir daha qarşıma çıxmadın. Heç kim inanmaz ki

gör necə gözəl vətənim var. Borcunu yerinə yetirmək üçün ən ucqar yerə yollanırsan, orda da sevgin qarşına çıxır

Başdaşındakı şəkil

İran tərəfin gömrük məntəqəsini keçəndən sonra əlli-altmış addım gedib dayandım. Günəşdən qorunurmuş kimi əlimi gözlərimin üstünə tutdum bu, mənim adətimiydi, gün oldu, olmadı baxanda belə eliyirdim. İndi də ərazidə sıra ilə, sırasız dayanan maşınlara göz gəzdirdim.

Təbriz

Ərdəbil

Əhər

Dəllalların bir-birinə qarışan səsi baş-beynimi apardı. Lap istədim əllərim ilə qulaqlarımı tıxayım, həmişə qarmaqarışıq yerlərdən kənar gəzərdim, səs-küyü heç uşaqlıqdan xoşlamazdım. Həyatımda bir neçə dəfə belə yerlərə tuş gəlsəm də öyrəşə bilmirdim, haray-həşir, vurçatlasın mənlik deyildi. Tez bir tanış maşın tapıb aradan çıxmaq, bu qaraguruhçu dəllalların baş-beynimi aparan qarğa-quzğun səslərindən canımı qurtarmaq istəyirdim.

Tanış deyəndə ki, başqa bir ölkədə mənim nə tanış maşınım olacaqdı? Burda aləmin bir-birinə qarışdığı, beş tümən qazanc yolunda qonşusunun da hulqumunu üzməyə, ayaqlarının altına salıb tapdalamağa hazır olan yüzlərlə ac-yalavac ın arasında kimi tanıyırdım?

İrana gedişim üçüncü, ya dördüncü dəfəydi, dəqiq yadımda deyildi. İlk dəfə Xudafərindən, qalan vaxtları Biləsuvardan keçmişdim. Heç hansında problemim olmamışdı, gedəndə də, gələndə də rahatlıqla adlamışdım, basırığa, cığan-vığana düşməmişdim. Amma nədənsə, bu dəfə yaman ehtiyat edirdim. Elə bilirdim ki, biz tərəfi adlasam da İran tərəfi keçə bilməyəcəyəm. Gömrük işçiləri nəyi isə bəhanə gətirib məni saxlayacaq, saatlarla sorğu-suala tutub zəhləmi tökəcək, sonra da geri qaytaracaqlar, qoymayacaqlar gedib niyyətimi hasil eyləyim.

İncəvara, bu dəfə də rahatlıqla keçdim, heç bir əngəl-filan olmadı.

Məndən altmış-yetmiş metr aralıda dayanmış bir maşın diqqətimi çəkdi. Şüşəsində bizim dildə, yəni latın əlifbası ilə Culfa yazılmışdı. Görən kimi tanışını, qohumunu tapmış adam təki sevindim. Neçə dəfə gedib-gəlməyimə baxmayaraq İran hərflərinə alışa bilmirdim. Heç danışıqlarına da alışammırdım, baxmayaraq ki, eynən bizim kimi danışırdılar, amma bir az sözləri uzadırdılar. Köhnə kişilər demiş, o taydakılara quşum qonmurdu

Gəlmə olduğumu görüb hər tərəfdən üstümə düşdülər. Çağırmaqlarına baxmayaraq əhəmiyyət vermədən maşınların arası ilə keçib getdim. Arada hətta biri qolumdan tutub dartdı.

Babaamm, haraa belə tələsirsən? İndi səni hara gonlun istəsə apararıq. Tez və rahat Day bizi bəyənməyib yanımızdan niyə düz keçirsən?

Babam, sizin hərflərlə yazmışıq ki, bilasıınz. Xoşun çəkir latın oxu, xoşun çəkir kiril.

Çənə döyməmək, onsuz da başa düşməyəcək, ya da başa düşmək istəməyəcəkdi deyə uzun-uzadı nəyi isə izah eləməmək, özümün də zəhləmi tökməmək xətrinə yavaşca qolumdan tutanın qolunu kənara itələyib yoluma davam etdim.

Sürücü podpresində Culfa yazılmış maşının yanında dayanıb üzü mən tərəfə baxırdı, bəlkə də elə mənə baxırdı, uzaqdan ona tərəf gəldiyimi görməmiş deyildi. Dəqiqləşdirmək üçün bir də podpresə baxdım. İndi nəzərimə çatdı ki, iki dəfə Culfa yazılıb, biri kiril, biri də latın hərfləri ilə. Gülməkdən özümü güclə saxladım; az qala on il olacaqdı ki, kirill hərflərinə əlvida deyib latın hərfləri ilə yazıb oxuyuruq, amma kiril hərfləri hələ də ekrandadır.

Sifətindən oxunurdu ki, sürücü Arazın bu tayındandı, bəlkə də mənə elə gəlirdi, özü də danışmasa belə naxçıvanlı olduğunu düşündüm. Nədənsə, fikirləşdim ki, Arazın Güney tayındakılar daha xoşsifət, daha məsumdular. Sovet hakimiyyəti, rustəbiətli davranış, təlim-tərbiyə onları geridə qoysa da fel-fırıldaqdan, bic-bicəngəlikdən də nisbətən kənarda saxlamışdı.

Salam!  Yaxınlaşan kimi ucadan salamlaşdım.

Əleyküməsalam.  Sürücü bildiyim şəxs sakitcə, lap quyunun dibindən gələn güclə eşidiləcək səslə salamımı cavabladı. Mənə elə gəldi ki, o, haray-həşirlə müştəri toplayanlardan çəkindiyi üçün astadan salamlaşır, qorxur ki, yeganə müştərisini də gəlib əlindən alacaqlar. Ancaq yüz o taylı gəlsə də mən onların heç birinin maşını ilə gedən deyildim.

Maşına nəzər saldım, salonda oturanlar vardı.

Culfaya gedirikmi?  Podpresdəki yazıya işarə elədim.

Allahın köməkliyi ilə Naxçıvana.  Sualımı sürücü eyni tərzdə astadan cavabladı.

Sizdə sıxlıq olar Xalaxətrin qalmasın astadan pıçıldadım.

Babam, sizdə sıxlıq olar.  Sürücü dillənməmiş qulağımın dibindən kimsə səsləndi, zalım oğlu elə bil məni güdürmüş, yana çevriləndə onu gördüm, ələngənin, yekəpərin biriydi.

Sürücü gülümsündü, nə cavab vermədi, nə də əhəmiyyət Sonra keçib sükan arxasında əyləşdi. Mən də maşına yaxınlaşdım. Bir nəfər qabaqda, iki nəfər arxada oturmuşdu. Arxa qapını açdım, bir kişi, bir arvad idilər.

Salam. Mən də otursam narahatçılıq olmaz ki?  Hər ehtimala qarşı soruşdum.

Onlardan səs çıxmadı.

Həmişəki kimidir. Niyə narahatçılıq olsun ki?  Sürücü kefikök vəziyyətdə gülümsündü.

Onda nəyi gözləyirik?  Məntiqsiz də olsa soruşdum.

Sizi. Buyurun, əyləşin, gedək.

İstəyirsiniz, mən arxaya keçim.  Qabaq oturacaqda oturan, məndən beş-altı yaş cavan olmasına baxmayaraq da, on-on beş kilo ağır görünən kişi təklif etdisə də razılaşmadım.

Eyb etməz.

Salona keçib oturdum, yerimi rahatladım. Heç birimiz bir-birimizə mane olmurduq.

Süleyman.  Tanışlıq verdim, amma heç biri buna əhəmiyyət vermədi.

Siz Culfaya gedirsiniz?  Əvəzində sürücü heç nə eşitmirmiş kimi az qala pıçıltı ilə soruşdu.

Yox. Üçdibinə gedirəm.

Onda Səfərlidə düşəcəksiniz, yoxsa Tüəlidə?

Səfərlidə.

Maşın yerindən tərpəndi.

Məhərrəm əminin qırx mərasiminə gedirdim. O, Üçdibində yaşayırdı o taylı qohumlarımızdandı.

Şərəfnisə qocam Üçdibin qızıydı. Əslində, Şərəfnisə qocamın babasıgil Üçdibinə bizim Sürtün kəndindən köçüb getmişdilər, bunu Şərəfnisə qocam böyüklərindən, biz də ondan eşitmişdik.

Babam Hüseyxan kişi Şərəfnisə qocamı bahar bayramı vaxtı, Üçdibinə, qohumlarıgilə bayramlaşmağa gedəndə görüb bəyənib. Ailə qurandan sonra Sürtün kəndində yaşamalı olublar, daha doğrusu, Şərəfnisə qocam bura gəlin gəlib.

Kəndin başqa sakinləri kimi təsərrüfatla məşğul olurmuşlar, mal-heyvan saxlayırmışlar. Qışı Araz qıraqlarını, Hasanı bağı, Sığırt düzlərini otarır, yayı Alçalıya, Əvəlikliyə, Miyandərə yaylağına qalxarmışlar. Şərəfnisə qocamın dediyinə görə, üç yüzdən çox qoyun-keçiləri, on-on beş sağılan iribuynuzlu mal-qaraları varıymış. Sovet hökumətinin dalğası onları yaylaqdan enəndə vurub. Kiçik kəndlərin birləşdirilməsi, kollektiv təsərrüfatın yaradılması məsələsi ortaya çıxanda Hüseyxan babama bolşevik dostlarından kimsə qabaqcadan xəbər gətirib. Deyib bəs nə durmusan, təzə hökumət gəlir, əlində nəyin var, hamısını alacaq, özünü də kulak damğası ilə damğalayıb Sibirə sürgün eliyəcək. Hüseyxan babam da ha yenişə-yoxuşa fikirləşir, bir çarə tapa bilmir. Hökumətlə hökumətlik eliyəsi deyil ha Gözün baxa-baxa on illərlə zəhmət çəkib təsərrüfat yaradasan, gəlib qapından yığıb aparalar, cıqqırını da çıxarda bilməyəsən, bir söz deyəmmiyəsən. Bununla da qane olmayalar, adının qabağına bir kulak nallayıb özünü göndərələr gedər-gəlməzə, xaraba qalmış Sibirə. Nə sənin ailə-uşağından xəbərin ola, nə onların səndən Sonra da kim harda öldü, öldü

Ağıllı fikirləşincə, dəli vurub çayı keçər deyiblər. Hüseyxan babam da fikirləşməklə çıxış yolu tapa bilməyəcəyini görüb gecə ilə təsərrüfatını sürür Arazın o tayına. Şərəfnisə qocama da tapşırır ki, hazırlaşın, bir gecə də gəlib sizi aparacam. Şərəfnisə qocamın da elə o vaxtdan gözü yolda, qulağı səsdə qalır, amma nə Hüseyxan babam onları aparmağa gəlir, nə də bir xəbərini alırlar

Rus qaradovoyları Araz boyu mühafizəni elə gücləndirirlər ki, nə o taydan bəri, nə bu tərəfdən o taya bir adam gedə bilir. Sonra da üç-dörd yerdən tikanlı məftillər çəkib birdəfəlik əlaqəni kəsirlər. Hüseyxan babam o tayda qalır, Şərəfnisə qocam da iki körpə uşaqla bu tayda.

Deyəsən buralara birinci dəfədir gəlirsiniz?  Sürücünün səsi məni fikirdən ayırdı.

Necə ki?  Sualın mənasını başa düşmədiyimdən dəqiqləşdirmək istədim.

Heeçç! Belə görünürsünüz.  Sürücü cavabladı.  Fikriniz, diqqətiniz geridədi. Elə hey Araz tərəfə baxırsınız

Hə elədir Fikir-xəyal insanı rahat buraxır ki

Hələ xeyli yol gedəcəyik. Bir istəyiniz olsa, utanmayın, deyin. Çay-filan, ayaqyolu

Dinmədim. Bayaqdan heç fikir verməmişdim, indi baxdım ki, böyrümdəki arvadla kişi xısın-xısın danışırlar. Qabaqda oturan da, maşallah, div yuxusuna getmişdi, bir xorultu-nərilti salmışdı ki Deyirdin bəs, bu dəqiqə maşının hava filtirlərini sorub içəriyə gətirəcək.

Başa düşdüm ki, sürücüyə söhbət eləmək üçün yol yoldaşı lazımdı, amma bu, indiki halda mənlik deyildi. Heç bir söz demədən üzümü bayaqkı səmtə çevirdim. Sürücü də, deyəsən, bunu başa düşdü və daha heç bir söz demədi.

Şərəfnisə qocam ömrünün sonunadək səksəkə üstündə yaşadı, gecə də, gündüz də gözü Xaçamaş yalında, qulağı xoş xəbər sorağında qaldı. Səksənbeşi adlayıb, doxsanı haxlayanda artıq nə dizində təpər qalmışdı, nə ürəyində yağ. Əti də ərimişdi, bir sümük, bir dəriydi. Amma ümidini üzməmişdi, elə hey gözü yol çəkirdi, bayatılarla özünə təskinlik verirdi: Hamının gedəni gəldi, bəs mənim gedənim hanı?

Bir gün xəbər gəldi ki, bəs hamı Arazın qırağına toplaşsın, tikanlı məftilləri qırıb dağıdacaqlar. Hökumətin zəif vaxtlarıydı, ölkə daxildən dağılırdı. Bir tərəfdən də ermənilərlə dava qızışmaqdaydı. Ancaq heç kimin ağlına gəlməzdi ki, tikanlı məftillər qırıla bilər. Yatsaydın, heç yuxuna da girməzdi bu. Amma bu beləydi, sən demə, tikanlı məftillərin qırılması ilə də hökumətin dağılmasının sürətlənməsi başlayacaqdı.

Hamımız Araz çayının qırağına toplaşdıq. Qonşu kəndlərdən də axışıb gəlmişdilər, uşaqlı-böyüklü bir neçə yüz adam olardıq. Bununla belə, cürətimiz nə idi ki, tikanlı məftillərə yaxın gedək. Təsəvvür etdiyimiz kimi deyildi, tikanlı məftillər boyunca sərhədçi əsgərlər də düzülməmişdi, yalnız sərhədçi qülləsindən bir əsgər durbinlə bizi müşahidə edirdi.

Назад Дальше