Nar çubuğu - Azəri Əli Bəy


Əli Bəy Azəri

Nar çubuğu

Qırğıgöz Səməndər

Qızmar yay günləri bir-birini əvəzlədikcə Qırğıgöz Səməndərin yuxusu ərşə çəkilirdi. Belə istilərin sonu mütləq yağışla müşahidə olunacaqdı. Bircə dəfə, lap elə bircə saatlığa da olsa yağış yağmalıydı, özü də şıdırğı. Dədə-babadan sınaqdan çıxartmışdılar. Zəmidə biçilmiş ot mərəyə daşınmasaydı, qalıb islana bilərdi. Yağış aramsız yağsaydı lap qaraldıb çürüdə də bilərdi, ondan sonra da at getsin, hansı heyvan çürümüş, kiflənmiş, qaralmış ota ağız atacaqdı?

Odur ki, tezdən obaşdan durub üz qoydu qonşu kəndlərə, at, qatır axtarmağa. Kimə üz tutdusa, əli boşa çıxdı. İndi işin qızğın çağıydı, hamı qışa tədarük görürdü, ot, yarpaq daşıyırdı. Kənd yerində kim idi kimə at, qatır verən. Nə olsun ki, ona söz vermişdilər

Beləcə, Qırğıgöz Səməndər üç gün gəzdi, tanıdığı, sözünün keçəcəyini güman etdiyi yeddi-səkkiz kəndə baş çəkdi, ancaq niyyəti hasil olmadı. Kəndlərindən də xeyli aralanmışdı, bəlkə də otuz-qırx kilometrdən çox olardı. Əli ətəyindən uzun kor-peşman geri qayıdırdı. Bir xeyli yol gəlib yorulmuşdu, necə deyərlər, lap əldən-ayaqdan düşmüşdü, dizlərində taqət qalmamışdı, daha ayaqları da sözünə baxmırdı. Aclıq da bir yandan əhədini kəsirdi, ürəyi uçum-uçum uçunurdu.

Axşamtərəfi olardı. Qarayazı meşəsinin girəcəyində tüstü qalxdığını gördü. Balam, bu nə tüstü ola bilər? İndi buralarda ferma-zad da qalmayıb, hamısı Gədəbəyin, Şəmşəddinin, Borçalının yaylaqlarına qalxıb,  deyə fikrindən keçirdi.

Vaxt itirməyib tez özünü yetirdi ora. Nə görsə yaxşıdır?!

Gördü ki, yaşı qırx-qırx beş arası qıvrımsaç, şeşəbığ bir adam ocaq qalayıb, özü də ocaqdan bir az aralıda süfrə açıb oturub nahar eləyir. Atı da ondan bir az aralıda otlayır.

Lap yaxına gəldi, baxdı ki, süfrə, nə süfrə. Kartof, yumurta soyutması, pendir, yanında da təzə göy-göyərtisi; çöl kişnişi, xəzəz, kəvər Ürəyindən keçdi ki, bir nuş olsun deyib özü də süfrəyə əyləşsin. Tez də fikrindən daşındı: Ey dili qafil, bu adam bura adamı deyil, nabələddir, görünür, gecəni də burda qalacaq, ocağı da qalayıb ki, mığmığalar, ağcaqanadlar, ditdililər gəlib onu yeməsin.

 Nuş olsun!  dedi və ucadan, özü də yoğun səslə soruşdu.  Ay adam, kimsən, buralarda nə gəzirsən?

Adam tez özünü yığışdırdı, elə zənn etdi ki, gələn meşəbəyidir, bir az qorxuya düşdü.

 Nə eləyəcəm? Heç nə. Görürsən ki, çörək yeyirəm.  Nə fikirləşdisə, sözünə bir az ara verib dedi.  Ajdığın var, gəl qonaq ol.

Qırğıgöz Səməndərə də elə bu lazım idi. Tez çöməlib oturdu süfrənin qırağına. Lavaşı götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə şirin-şirin çeynəyib uddu. Arxasınca kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını bərkitdi. Gözlərinə işıq gəldi.

 Süfrən açıq, ruzin bol olsun!  dedi.

Gözlərini süfrədən qaldırıb aralıda otlayan ata baxdı. Pərvərdigarə! Sən heç vaxt məni darda qoymamısan, dar macalda olsa da özün imdadıma yetmisən. Şükür yaranışına!. Ürəyində Tanrıya qabağına çıxartdıqlarına görə dua etdi.

Nəzərlərini bir xeyli atın üzərindən çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə yerə, ancaq çap. Adam heç belə ata yük vurmağa da qıymaz. Bəs neyləməli? Məcburiyyət insanı çox şeyə vadar edir. Gəl indi qismətindən qaç. Tanrı özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da başında. Cilovun ucuna bir kəndir bağlanıb. Kəndir gəlir-gəlir, adamın ayağının yanında yerə basdırılmış dəmir mıxçaya bağlanır.

 Həə, sən heç demədin axı kimsən? Buralarda nə gəzirsən?  Qırğıgöz Səməndər bir də soruşdu.

 Yol adamıyam, ağrın alım. Varıb o tərəflərə gedəsiyəm.  Əli ilə Qarayazı meşəsinin anrı tərəflərini, dağları, yaylaq yerlərini göstərdi.  Gördüm ki, gecə düşür, dedim elə burda gecələsəm yaxşıdır. Tezdən obaşdan gedərəm. Gecəykən gedib yolu tapammaram. At da ki, xamdır, hürküb eliyər, məni yıxar.

 Ayə, ağrın alım, bəs qorxmursanmı, gecə gəlib atını oğurlayarlar?

Qırğıgöz Səməndərin belə yumşaq, bir az da məlhəm danışığını ciddiliyə almadan zarafat kimi başa düşdü, elə o tərzdə də cavab verdi:

 Atı hörükləmişəm, mıxı da dizimin dibinə basdırmışam. Kim gəlib oğurlayacaq?

 Mənim kimi yoldan keçənin biri

 Sən də söz dedin də Gözüm görə-görə hancarı gəlib oğurlaya bilərlər?

 İndi mən göstərim, sən də tamaşa elə. Göstərimmi?

 Göstər görüm.  Bığaltı qımışdı.

 Deməli, oğru ehmal-ehmal gəlir, yaxınlaşıb dizinin dibindən mıxı çıxardır.  Qırğıgöz Səməndər ehmalca durub ona yaxınlaşdı, dartıb mıxı çıxartdı, kəndirdən aralayıb adama uzatdı.  Sən hələ bu mıxı bir tut.

Adam hələ də nə baş verdiyini anlamadan bir uşaq marağıyla Qırğıgöz Səməndərə baxa-baxa mıxı aldı.

 Kəndiri də, bax beləcə dəstələyir.  Kəndiri dəstələyə-dəstələyə atın yanına gəlib yəhərə bağladı.

 Tuxu, tuxu deyib atın yalmanına bir-iki dəfə sığal çəkdi.

Sonra ayağını üzəngiyə basıb qalxdı atın belinə. Elə ki, atı mindi, baxıb gördü, adam, əlində mıxca quruyub qalıb yerində.

 Nə quruyub qalmısan?  Ona təpindi.  Bir tərpənsənə, qırışığın açılsın. Əlindəki qamçını da bəri elə görüm, hələ sənin atın necə qaçır. Deyirsən xamdı, köhləndi, nə bilim nədi

Adam yerdən qalxıb ata yaxınlaşdı. Qamçını ona uzatdı. Qırğıgöz Səməndər qamçını alan kimi ucadan səsləndi:

 Di salamat qal, mən getdim. On gündən sonra gəlib atını Göyyurddan sağ-salamat geri götürərsən.

 Axı heç adınızı da demədiniz Adam, sanki yuxudaydı, indi ayıldı.

 Adım Səməndərdi, məni bu mahalda tanımayan yoxdur, kimdən soruşsan, nişan verəcək.

 Səməndər?! Ə kişi, bəlkə o məşhur at oğrusu Qırğıgöz Səməndər sənsən?

 Düz tapmısan, özüdür ki, var.  Tanışlıq verdi.

 Baloyun başına dolanım, ay Səməndər, məni də al tərkinə, burda qoyma, bir də o boyda yolu payi-piyada gəlməyim.  Nə fikirləşdisə, sözünə bir az ara verdi.  Otun varsa, onu da özüm daşıyaram

Qırğıgöz Səməndər elə-belə ad qazanmamışdı, qənşərə çıxıb gözünü qıyıb baxdımı, bəsdi. Ona gün kimi aydındı, harda mal otlayır, harda at, qatır, harda da heyvan. Gözündən heç nə yayınmazdı. Mahalda onu tanımayan yox idi məşhur at oğrusuydu. Özü at, eşşək, qatır saxlamazdı. Nəyimə gərəkdi, artıq xərcdi, on-on beş gün yük daşıtdıracam deyə, il boyu at-qatır bəsdəməliyəm? Lazım olanda birinin atı, eşşəyi ilə daşıyaram, deyirdi. Oğru olmağına oğruydu, amma başqa oğrular kimi deyildi. İldə ikicə dəfə oğurluğa gedərdi, bir yayda, bir payızda. Özü də gedib yeddi-səkkiz kənd o tərəflərdə at, qatır oğurlayardı ki, yiyəsi soraqlaşa-soraqlaşa gəlib tapana kimi işini görüb qurtarsın. Yayda ot, yarpaq, payızda da odun daşıyardı. Bax, onun oğurluğunun qəribəliyi bundaydı.

Xeyli vaxtdı, oğurluğun daşın atmışdı. Kənd camaatı, elə iki qonşu kəndin kişiləri də özləri razılığa gəlib kişi kimi söz vermişdilər ki, mövsümdə növbə ilə onların at, qatırlarından istifadə etsin. Ancaq nə etməli? Kim öz yükünü saxlayıb atını Qırğıgöz Səməndərə verəcəkdi?

Hərdən də deyirdilər ki, onun işini Allah özü sahmanlayır.

Bu dəfə də belə alındı. Görünür, yenə Tanrı özü rəva bildi, yoxsa bu boyda oğurluq işini düzüb-qoşmaqmı olardı?


Qayğıkeş qoca

Səsə yuxudan ayıldım, qapının zəngi dayanmadan çalınırdı. Şənbə günü idi, yatıb dincələcəkdim. Hər gün səhər obaşdan yuxudan alayarımçıq qalxıb şəhərin o başına işə getmək, axşam da işdən sonra yenidən o boyda yolu avtobuslarda sallaşa-sallaşa, metronun sıxlığında, basabasda gedib-gəlmək məni əldən salmışdı. Bircə ümidim istirahət günlərinəydi ki, yatıb dincələ bilirdim, o da evin əsaslı təmizliyindən başqa bir hoqqa çıxmasaydı Ancaq, nədənsə, ötən bir il ərzində hələ dalbadal iki gün dincəldiyim olmamışdı, hər dəfə nəsə bir iş çıxmışdı.

Cəld yatağımdan qalxdım. Səhərin bu alatoranında məni narahat edən kim ola bilərdi? İlk ağlıma gələn su sızması oldu. Cəld hamama və ədəbxanaya baxdım, hər şey qaydasındaydı. Ordan özümü atdım mətbəxə, birdən, Allah eləməmiş, nəsə yanar, ya qaz sızması ola bilər. Şükür, burada da salamatçılıqdı, hər şey öz qaydasındaydı.

Qapının zəngi isə lap iliyimə işləyirdi. Elə gecə paltarında dəhlizə yüyürdüm.

 Gəldim e.., gəldim.  Səsləndim ki, bəlkə zəng düyməsini basan eşidə, əl saxlaya, amma o da hər kimidisə, inadından dönmürdü.

Məcbur olub gecə paltarında qapını açdım.

Arıq, hündürboy kişi ilə üzbəüz qaldım, tanıyırdım, adı da Muxtar idi, qonşu blokda yaşayırdı, hərdənbir binanın həyətində rastlaşırdıq. Salaməleykimiz olmasa da bir-birimizi tanıyırdıq, bilirdik ki, bir binada yaşayırıq. Nə özündən, nə də adından xoşum gəlirdi. "Ay sənə ad qoyanın demişdim Əsl muxtar olmalı adamlar qalmışdı qıraqda, bu adam muxtarlıq edirdi".

Muxtar kişinin qoltuğunda qovluq varıydı, bildim ki, elə-belə gəlməyib, nəsə işi var.

 Ə kişi, noolub?  Salamsız-kəlamsız yeridim üstünə.  Qoymazsan yatıb dincələm. Bilmirsən ki, mən iş adamıyam, ancaq şənbə-bazar günü dincələ bilirəm.

 Elə mən də ona görə tezdən gəlmişəm. Nə vaxt gəlirəm, evdə yoxsan. Qonşulardan soruşuram, deyirlər, işə getmisən.

 Hə, nə məsələdi? Nəyə gəlmisən?

 Əvvalə, salam.  Heç təmkinini pozmadan davam elədi.  Mən bu boz binada yaşayan sakinlərin etimadı ilə imza toplayıram.

Muxtar kişini həm də demaqoq kimi tanıyırdıq. Bir problem-zad olanda ora-bura zəng vurur, lazım gələndə ərizə yazıb göndərir, işi yoluna qoydurardı.

 Nə imza?  Təəccüblə soruşdum.  İndi də məndən demaqoqluq etmək fikrindəsən? Zibili aparıb atmamışam? Suyu açıq qoymuşam, axıb qonşuların mənzilini batırıb? Lifti zibilləmişəm? Kommunal ödənişi vaxtında ödəməmişəm?

Muxtar kişini tez-tez Tofiqlə birlikdə görürdüm komendant Tofiqlə. İkisi də bir çəkmənin taylarıydı, heç seçilmirdilər. Bircə fərq Muxtar kişinin yaşlı olmasıydı, az qalırdı səksəni haqlasın Tofiqin də yaşı az olmazdı, yetmişi çoxdan haqlamış olardı. Hər ikisinin işi-gücü onun-bunun arxasınca baxıb qeybətini qırmaqdı.

Nə isə Hər ikisinin üzünü görmək istəmir adam. Deyirəm bircə nə olaydı, bunların üzünü mürdəşir tez yuyaydı

 Nə imza, Muxtar kişi?  Baxdım ki, Muxtar kişi qabağımda karıxıb qalıb, matdım-matdım mənə baxır, sonra gedib mənə də söz qoşmasın ki

Başı ilə işarə verdi. Bunda iştaha bir bax?! Evə keçmək istəyir kaftar.

 Yox!  Çəmkirdim.  Evə olmaz. Nə sözün var, burda de.

 Bax!  Muxtar kişi qoltuğundakı qovluğa işarə verdi.  Burda bütün sənədlər var. Gərək göstərim ki, oxuyub qol çəkəsən.

 Eybi yoxdur. Oxumadan qol çəkərəm. Sən elə burda göstər, nə yazdığını de, sənə inanıram

 Olmaz!  Muxtar kişi əl çəkmədi, inadkarlıq göstərdi.  Bir belə adamın evinə girmişəm. Sən indi məni evinə buraxmayacaqsan? Nədən qorxursan? Mən səksəni çoxdan haqlamışam. Bilirsənmi?

 İstəyirsən lap doxsanı, yüzü haqla, nə işimə qalıb.

 İmkan ver, keçim içəri.  Muxtar kişinin dirəşməsi lap ciddiləşdi.  Səni orda başa salaram.

 İndiyə kimi görmüsən, ya eşitmisən ki, bir adam mənim qapımdan içəri ayaq basıb?

 İşim-gücüm qurtarıb, durub səni güdəcəyəm.  Muxtar kişi gülümsündü.  İstəyirsən hər gün qonaqlıq elə, qohumların, dostların gecə də qonaq qalsınlar, çıxıb evlərinə getməsinlər.

Əlqərəz, gördüm ki, Muxtar kişi lap dirəşib, əl çəkmir, razılaşdım.

 Yaxşı, keç.  Dedim.  Ancaq mətbəxə. Özü də sənədləri tez göstərəcəksən, qol çəkəcəm, götürüb çıxacaqsan.

Muxtar kişini içəri buraxıb qapını bağladım. Mətbəxin yolunu ona göstərdim. O, ayaqqabısını, gödəkçəsini çıxarıb mətbəxə keçənə kimi otağa gəlib üst paltarımı geyindim. Hər ehtimala qarşı vəsiqəmi də götürüb mətbəxə gəldim. Muxtar kişi qovluğunu masanın üstünə qoyub içindəki bəzi kağızları çıxartmışdı.

 Bax, bu ərizə şəhər sovetinin sədri cənabınadı boz binanın sakinləri adından,  deyə Muxtar kişi izahat verməyə başladı.  Yazıb xahiş edirik ki, aşağıda dəmir yolun qırağında məskunlaşmış məcburi köçkünlərin evlərinə gedən yolun yerini dəyişin, bizim binanın qabağından gedib-gəlməsinlər. İki qonşu binanın sakinləri də bizə qoşulacaqlar. Kənd adamıdırlar, yerişlərini-duruşlarını bilmirlər. Zibillərini də gətirib bizim binanın sakinləri üçün nəzərdə tutulmuş məişət tullantıları qablarına atırlar. Biz bu xoşagəlməzliklərə çoxmu dözməliyik?

Ərizəni tələmtələsik gözdən keçirdim. Muxtar kişi dediyi kimi, hər şeyi təfsilatı ilə yazmışdı, hələ beş də üstünə qoymuşdu. Sonda da belə bir qeyd etmişdi: "Artıq dərəcədə xahiş edirik, yolun yerini dəyişdirəsiniz, biz aşağıda imza edənlər bu biabırçılığa daha dözə bilmərik".

 Muxtar kişi, bəs niyə təklif vermirsiniz? Demirsiniz ki, yolu hara dəyişmək olar?  Soruşdum və özüm də fikirləşə-fikirləşə qaldım, gerçəkdən yolu hansı tərəfə dəyişmək olardı.

Məncə, yolu dəyişmək mümkünsüzdü. Binanın sol tərəfindən məhəlləyə gedən yol hansısa idarə tərəfindən tutulmuşdu, hündür hasar lap dəmir yolun qırağınadək çəkilmişdi. Sağ tərəfdən də bizdən sonrakı iki bina qurtaran yerdə başqa bir qaraj ərazini tutmuşdu, orda da iritonnajlı maşınlar saxlanılır, həm də təmir-xidmət işləri həyata keçirilirdi. Oradan da yol salmaq mümkün deyildi.

 Mənə nə var! Hara dəyişəcəklər, qoy dəyişsinlər.

 Gəlin, öz aramızda elə-belə götür-qoy edək,  deyə təklif verdim.

 Onlar vəzifədə oturublar, qoy onlar da başlarını işlətsinlər.

 İmzaya bir söz demirəm, qol çəkirəm, ancaq əhəmiyyət verməyəcəklər.

 Daha bir ərizə var.  Muxtar kişi qovluqdan başqa bir ərizə də çıxartdı.  Buyurun, bunu da oxuyun.

Ərizədə yazılmışdı: "Filan şəhərin mənzil-istismar idarəsinin rəisinə. Biz, aşağıda imza edən boz binanın sakinləri, xahiş edirik ki, məişət tullantıları üçün nəzərdə tutulmuş zibilqablarını bizim binanın yanından yığışdırasınız və yüz metr aralıda bir yerə qoyasınız. Belə ki".

Muxtar kişi milçək yığıntısından, it toplantısından, zibil eşənlərin hay-küyündən, tullantı çörəkləri toyuq-cücə üçün götürənlərin bir-birlərilə dava-dalaşından; bir sözlə, hər şeydən təfsilatı ilə yazmış və binada yaşayan elit təbəqənin firavanlığı naminə vəzifədə olan bir aristokrat kimi bu addımı atacağınıza ümidvar olduqlarını xüsusilə vurğulamışdı

 Necədir?  Ərizəni oxuyanda gülümsədiyimi görüb Muxtar kişi də güldü.  Sən hələ Muxtar dayını tanımırsan. Muxtar dayınız olmazdı burda, zibil içində itib-batardılar.

Üz vermək istəmədim, ciddiləşdim. Üz versəydim, bir az da xoş sifət göstərsəydim çıxıb getməyəcəkdi, bəlkə çay da istəyəcəkdi.

Odur ki, Muxtar kişidən zibilqablarını hara aparıb qoya biləcəkləri yeri soruşmadım, əhəmiyyətsiz bildim. Özlüyümdə təsəvvür etdim ki, hardasa, yüz metr məsafəyə aparıblar. Biz də boz binanın sakinləri əlimizdə zibil torbaları, vedrələri, korobkaları şəhərin arası ilə hər gün o qutuların yanına gedib-gəlirik. Üç binanın hərəsində yüz doxsan ailə Bir sözlə zibil karvanı

 Mənzilin nömrəsi yazılan cərgədə vəsiqənin nömrəsini qeyd elə və imzala.  Muxtar kişi buyurdu.

Ərizənin arxasında və əlavə olunmuş vərəqdə çoxlu imza vardı. Əlimin içi kimi bilirdim ki, boş şeydi, nə yolun yerini dəyişəcəklər, nə də zibilqablarını yüz metrlik məsafəyə aparacaqlar. Bununla belə, qocanın xətrinə dəymək istəmədim, əziyyət çəkib ərizə yazmışdı, qapı-qapı düşüb mənim kimi inadkarlarla mübahisə edə-edə imzalatmışdı. Təqaüdçü adamdı, özü də tək yaşayırdı, bir işlə məşğul olmalıydı, ya yox

İndi ona elə gəlirdi ki, bizim qayğımıza qalır

Дальше