Leyli və Məcnun - Məmmədli Vahid 3 стр.


Musa Nofəli bir-birindən gözəl geyimlərin satıldığı sıraya gətirdi. Çoxdan tanış olduğu tacirə yaxınlaşıb, salam-kəlamdan sonra:

 Bizim bu şahzadəyə gərək dünyanın ən gözəl libaslarını verəsən,  dedi.

Nofəl utanıb Mən axı şahzadə deyiləm, deyə astaca etiraz etsə də, Musa Yəzidin Azərbaycana hökmdar təyin edildiyini və deməli, Nofəlin də şahzadə olduğunu dedi: Sən heç ömründə dünyanın müxtəlif ağacları, gülləri, otlarını, quşları, vəhşi heyvanlarını bir arada görmüsən? Səhralıqda ən çox gördüyümüz uzaqbaşı xurma, sərv ağacları idi. Arranın paytaxtı Bərdə isə əsl cənnətdir. Sən də artıq o cənnətin şahzadəsi, Allahın sevimli bəndəsisən.

Nofəl burda olduğuna sevinsə də, Müləvvəhdən və Rüqəyya anadan uzaq düşəcəyinə görə narahat idi. Onları əmisi Səiddən, dayısı Yəziddən də çox istəyirdi. Bağdad kimi gözəl bir şəhərdə sarayda qul-qaravaşın əhatəsində olsa da, Müləvvəhin çadırı ona ən doğma yuva, Nəjdin qumu ən güvənli torpaq idi. İndi Bərdəyə dünyanın cənnətinə getməmişdən əvvəl çox istəyirdi ki, Müləvvəh də, Rüqəyya da onu bu şahzadəyə layiq geyimdə görsünlər.

Səhər tezdən çapar Yəzid ibn Məzyəddən əmr gətirmişdi: Bizimkilərin təcili Arrana köçürülməsi zərurəti yaranıb. Məşhur İpək yolu burdan keçir. Mən öz qəbilələrimin burda olmalarını istəyirəm. Dövlətin rifahı və əmin-amanlıq naminə bizimkilərin burda olması zəruridir. Kimsə gəlmək istəməsə, məcburi deyil. Amma başa salın ki, mənim buna ehtiyacım var. Bir də bu xəbəri hər iki qəbiləyə Nofəl çatdırsın. Sən də onunla get!

Bağdadın havası qeyri-adidir. Bu şəhərdə gün səni yandırsa da, zərər vermir. Səhər tezdən isti təndir çörəyinin ətri ətrafı bürüyür. Yuxudan oyananda ac olmasan belə, o ətirli çörəyin xətrinə qəhvəaltı edərsən. Musa Nofəli lap erkən oyatmış, o, yuyunub gələnə kimi xidmətçilər yeməyini süfrəyə düzmüşdülər. Musa onun tələsik yediyini görüb qəhqəhə çəkdi:

 Bilirəm, oralar üçün darıxırsan. Amma tələsmə, yaxşı ye ki, yolun uzaqlığı, istisi səni yormasın. Biz qəbilələrimizə müjdəni verib, onları toparlayıb, karvanları yola düşdükdən sonra özümüzü Bərdəyə çatdırmalıyıq. Arranda vəziyyət pisdir. Üsyan hələ də yatırılmayıb, camaat Valid ibn Tarifinin tapılıb edam edilməsini tələb edir. Oranın adamları mərd və qorxmazdır. Xəlifə üsuli-idarəsindən olan birinin xalqı bu qədər qəzəbləndirməsi, əslində, camaatı Əmir əl-Mömininə qarşı qaldırmaqdır Biz ərəblər Arrana girmək, dinimizi onlara qəbul etdirmək üçün nə qədər qan tökdük, qılınc gücünə dinimizi qəbul etdirdik, amma bu, əbədi davam edə bilməz. İndi biz onlarla qaynayıb-qarışmalı, dinimizin necə mütərəqqi bir din olduğunu sübut etməliyik


***


Nofəlin şahzadə paltarında gəlişi bütün qəbiləni necə sevindirmişdisə, camaat Qəhrəman Nofəl Qəhrəman Nofəl deyə onu salamlayırdı. Dünən Nofəlin qəbilə üzvlərinə biz sizi cənnətə aparacağıq, bundan sonra cənnətdə yaşayacaqsınız! deməsi hər kəsi çox sevindirmişdi. Bütün qəbilə üzvləri Yəzid ibn Məzyədə, qəhrəmanları Nofələ dualar qılıb, Allaha şükr edirdilər.

Əl-Müləvvəhin isə ürəyində ikili hisslər baş qaldırmışdı. Bir yandan gözünü açandan qoynunda böyüdüyü, ata-anasının qəbirləri olan bu qumlu səhralığı qoyub getmək, digər tərəfdən də atasının ölümqabağı dediyi sözlər: Çalış bu yerləri tərk elə get. Buralar bizə düşmədi. Bəxtini başqa yerlərdə sına. Atasının vəsiyyəti onun qərarına təsir etsə də, yenə tərəddüd içində idi. Müqəddəs Kəbədən uzaq düşməkdən qorxurdu

Həyatın elə dönüş nöqtələri olur ki, köklü qərar qəbul etmək lazım gəlir. Lazımi zamanda lazımi yerdə olmaq, əslində, Allah ilə olmaq deməkdir. O səninlədirsə, heç nədən qorxmaq lazım deyil. Müləvvəh əmindi ki, həqiqi inamla Allaha bağlandığı üçün onu ən doğru qərara yönəltmiş olacaq bundan sonra hər şeyi zamanın axarına buraxmaq qalırdı. İndi qəlbində çoxdan əlini üzdüyü bir ümid də cücərdi. Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi. Ulduz düz onun başı üzərində dayanıb, sanki bir az da gücləndi, bir az da irəli gəldi.

Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu istilikdən xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi. Aman Allahım, bu həmin o istilik idi! Otuz yaşından bu yana bir gün qəfildən hiss etmişdi ki, belində, qarnında, ayaqlarında, beynində, gözlərində hiss etdiyi o qəribə istilik daha yoxdur. Həmin gün düşünmüşdü ki, həmən istilik insan bədənini tərk etməsə, yəqin o heç zaman ölməz. İndi o istiliyi yenidən hiss etməsi onu həyəcanlandırdı. Bu, dünyanın ən şirin yanğısı, ən müqəddəs susuzluğu idi. Sanki birdən-birə hər şeyi, insanları, bu qumlu səhranı, dəvələri, ayı, ulduzu daha çox sevməyə başladı! Çadıra keçib Rüqəyyanı bağrına basdı, lap gəncliyində olduğu kimi


IV fəsil


İnsan onu ən böyük arzusuna qovuşduran bir torpağı müqəddəs saymazmı?! Üstəlik, bu torpaqlar cənnəti xatırladırsa Müləvvəh qəbiləsi ilə Arrana köç etdikdən bir ay sonra arvadının hamilə olduğunu öyrəndi. Onun qəbiləsini Bəndovan yaxınlığında yerləşdirdilər. Dəniz sahili ilə meşəlik, dağlıq ərazilərdən ta Bərdəyə kimi uzanan, tacirlərin Çin yolu adlandırdığı yol boyu bütün ticarət karvanlarını qorumaq, vergi toplamaq, dövlətin qayda-qanunlarına riayət olunmasına nəzarət etmək vəzifəsi ona və Şeybani qəbiləsinə tapşırılmışdı. Hər iki tayfaya ümumi nəzarət isə Nofələ tapşırılmışdı.

Fəttah evini onlardan bir az aralıda tiksə də, Azərbaycana köç edəndən bəri onun da üzü gülür, daha Müləvvəhi görəndə üzünü yana çevirmirdi. Müləvvəh hələ dünyaya gəlməmiş övlad payı üçün Allaha hər gün şükr edib, bu sevinci Fəttaha da bəxş etsin deyə yerin-göyün sahibinə yalvarırdı.

Bir neçə gün sonra Müləvvəh onu rahat buraxmayan fikirlərini arvadı ilə bölüşəndə Rüqəyyanın gözləri doldu:

 Arxayın ol, Sayda da hamilədir. Dünən Səidin arvadı bizi barışdırdı. Dedi ki, ikinizə də Allah lütf edib, övlad verib. Sayda hönkürüb ağladı, sonra da boynumu qucaqladı, barışdıq.

Müləvvəh əllərini açıb:  Sənə şükürlər olsun, Allahım, məni bu töhmətdən qurtardın,  deyə ürəkdən şükür etdi. Fəttahın övladı olmasaydı, ona Nofəli öz tərəfinə çəkdiyi üçün məzəmmət və nifrəti bitib-tükənməzdi.

Müləvvəh Bəndovanın küləyindən qorunmaq üçün evinin ətrafına şam ağacları əkmişdi. Övladı bu ağacların kölgəsində oynayacaqdı.

Yəzid ibn Məzyəd artıq Bəndovanda yeni bir şəhərin əsasını qoymaq üçün göstəriş vermişdi. Paytaxt Bərdədə otursa da, ibn Məzyəd burada bir liman şəhəri yaratmaq istəyirdi. Artıq xilafətin hər yerindən memarlar, xəttatlar, şair və rəssamlar Arran ərazisinə gətirilirdilər. Bu torpaqların bərəkətli, xəyalları gerçəkləşdirən bir yer olmasına hər gün bir işarət vardı. Təxminən eyni vaxtda Səidin də arvadının hamilə olduğu xəbəri yayıldı. Nofəl sevinsə də, əmisinin övladından daha çox Müləvvəh və Rüqəyyanın övladını dünyaya gəlişini gözləyirdi. Özü də istəyirdi ki, məhz oğlan doğulsun, ona qardaş olsun, o da bildiyi hər şeyi qardaşına öyrətsin. O özü kimi at belində, əli qılınclı, qorxmaz bir qardaş arzusunda idi.

Bəndovana köçürüldükdən sonra Fəttahın əmisi əl-Qasımi buralara elə valeh olmuşdu ki, illərlə səfərə çıxdığı ticarətindən əl çəkib oturaq həyata keçmişdi. O, Lökbatanda dəvə karvanlarının yolu üstə kiçik bir karvansara inşa edib, gəlib-gedənlərin qarnını Şamaxının ən dadlı qoyunlarının ətindən hazırladığı şaurmalarla doyururdu.

Əl-Qasımi əvvəlki təkəbbürünü bir az azaltsa da, xasiyyəti heç dəyişməmişdi. Bir Ramazan iftarında Nofəlin ona verdiyi sualı isə heç unuda bilmirdi. Ağıl yaşda deyil, başdadır misalını öz-özünə təkrarlayır, Nofəlin suallarına bir vaxtlar çətinliklə də olsa, verdiyi cavabdan başqa cavab tapa bilmirdi.

Pislikləri kainatda kim yaradıb?

Günahlara yaranışdan Yer kürəsi nədən batıb?

Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?

İbadətmi yer üzünün çıxış yolu, yoxsa ölüm?

Bədəvi ərəblərdə yalnız karvan soyan quldurlar şair olurdu. Tacirlərdən, dövlət adamlarından, din xadimlərindən şair nadir hallarda çıxardı. Bu, karvanbasanların daha azad ruhlu qəbilələrdən olduqlarına dəlalət etsə də, şeir yazmalarına səbəb çoxlu suallarının olması idi onlar dünyanı məktəbdən deyil, həyatdan öyrənirdilər.

İndi Nofəlin sual dolu şeirini hər gün təkrarlaya-təkrarlaya şaurma satan əl-Qasımini, əslində, nə sual, nə şeir, nə də tutarlı bir cavab maraqlandırırdı. Onu maraqlandıran yalnız pul idi.

Müləvvəh Rüqəyyanın kənizi Səliməyə tapşırmışdı ki, son dönəmlər arvadından daha da muğayat olsun. Çalış onu gözdən qoyma. Yaddan çıxarar, ağır bir şey götürər. Bax ki, Rüqəyya vaxtlı-vaxtında doğru-düzgün yemək yesin. Yuxusuna, istirahətinə diqqət etsin. Müləvvəh karvan yollarında, iş başında olduğundan ürəyi rahatlıq tapmır, fikri-zikri arvadının və doğulacaq övladının yanında qalırdı.

Səlimə ona tapşırılmış işin öhdəsindən yaxşı gəlirmiş kimi davransa da, artıq Rüqəyyanı əsəbiləşdirməyə başlamışdı. Qadın, demək olar, hər şeyə qarışır, otur, sən tərpənmə, ona dəymə, bunu götürmə, yemək ye, su iç və bu qəbildən daha nələrsə danışdıqca, Rüqəyyanın acıqlanmağa üzü gəlməsə də, hiss edirdi ki, Səlimə onu bezdirir. Bu gün isə Rüqəyya bir şeyə əmin oldu ki, Səlimə təkcə onu bezdirməyib, səsi gələndə uşaq da tərpənib qarnını təpikləyir, sanki etiraz edirdi. Qadının səsi kəsilən kimi uşaq sakitləşirdi. Eyni təpkiləri uşaq əl-Qasımi ilə arvadı onlara dəvətsiz ziyarətlər edəndə də verirdi. Rüqəyya hiss edirdi ki, bətnindəki adi körpə deyil

Vaxt yaxınlaşdıqca Müləvvəh övladının dünyaya təşrif buyurmasını həyəcanla gözləyir, arvadını bir an belə tək qoymamağa çalışırdı. Bir gün günəş batandan sonra möcüzə baş verdi. Həmin gün qəbilədə bir-birinin ardınca üç körpə dünyaya gəldi Müləvvəh və Səidin oğlu, Fəttahın isə qızı doğuldu. Mamaçalar bütün gecəni ora-bura qaçışırdı, qəbilə üzvlərinin sevinc və həyəcanı bir-birinə qarışmışdı.

Uşaqlar üçü də ay parçası kimi gözəl, sağlamdılar, vaxtlı-vaxtında yeyir, yatırdılar. Bircə iş vardı ki, Qeys durmadan ağlayırdı. Körpəni yırğalamaqdan Müləvvəhin də, Rüqəyyanın da qolları sözlərinə baxmır, onun səsi bütün qəbiləni başına alırdı. Neçə loğman çağırsalar da, körpənin dərdinə çarə tapa bilmirdilər. Uzun illər sonra övlad sevincinə qovuşan Müləvvəh və Rüqəyya bir neçə gün ərzində sanki neçə il qocalmışdılar.

      Balaca Qeys ana bətnində iki fərqli əlin istisini həmişə hiss edir, bu əllərin onu qoruduğunu duyurdu. Amma son vaxtlar ona doğru qara bir kölgənin gəldiyinin fərqində idi. Bu kölgənin özü də, səsi də Qeysi qorxudurdu. Dünyaya göz açıb gün işığına çıxandan sonra həmin qara kölgənin həniri daha yaxından gəlir və Qeys dayanmadan ağlayaraq, sanki öz valideynlərini xəbərdar etməyə çalışırdı.

Hələ də nəfəsi qarala-qarala ağlayan körpənin yanına onun kimi qığıldayan, onun boyda bir canlı qoydular. Nəfəsi çox ilıqdır. Qoxusu isə hələ yeni öyrəndiyim, heç vaxt hiss etmədiyim bir ətirdir. Özümü necə də xoşbəxt hiss edirəm! Şükürlər olsun ki, qara kölgə də harasa lap uzaqlara çəkilib! Ana, ata, baxın, heç ağlamıram! Mən bu nəfəsin daim yanımda olmasını istəyirəm!.

 Şükürlər olsun, ağlamağını kəsdi. Allah səndən razı olsun, Sayda. Sən olmasaydın, biz nə edərdik? Allah balaca Leylini qorusun!,  Rüqəyya dil-ağız edirdi.

 Qeysin səsi bizim evə kimi gəlib çatır. Ürəyim dözmədi. Fəttahın yatdığını görüb Leylini də götürüb gəldim.

Qeys neçə gündən bəri ilk dəfə səhərə kimi sakitcə yatdı, valideynləri də rahat nəfəs alıb şirin yuxuya daldılar.

Dünənki o gözəl qoxu harasa gedib, yanımda yoxdur. Ana, ata, o kim idi? Getdi harasa? Niyə yanımdan götürmüsüz? Mən o gül nəfəsi istəyirəm Qarnı tox, altı quru olsa da, Qeys yenə ağlamağa başladı.

Müləvvəh Qeysin ağlamasını eşidib, ona yaxınlaşdı. Körpənin beşiyi başındakı Səliməyə acıqlandı:

 Sən onu niyə tərpədirsən?! Yaxşıca sakit durmuşdu!

 Dedim başının altını düzəldim,  qadın günahkarcasına cavab verdi.

 Sənə deyilməmişdi ona toxunma?!

Müləvvəh sanki indi anlamışdı ki, Səlimə hər dəfə yaxınlaşdıqda Qeys ağlamağa başlayır: Nahaq deməyiblər ki, yeni doğulmuş körpənin yanına qırx gün naməhrəm buraxmayın.

Cibindən çıxardığı ağzıbağlı kisəni Səliməyə uzatdı, al, haqqını halal elə, çilləsi çıxmayınca gəlmə.

Səlimə pul kisəsini qapıb evdən çıxanda Müləvvəh qəti bu fikrə gəldi ki, Səliməni uzaqlaşdırsın. Qeys bir də o günlərdəki kimi çox ağlamadı.

Müləvvəh əmin idi ki, ağ işığın onu seçdiyi həmin gecə oğlu Rüqəyyanın bətninə düşüb. O, sövq-təbii ilə Qeysin adi bir uşaq olmadığını hiss edir, həssas ruhlu olduğunu duyurdu. Bəlkə də, Səlimə heç kimin bilmədiyi cin, ifritədir. İnsan qiyafəsində dolaşan cinlərin sayı-hesabı yoxdur. Kaş, ətrafımızdakı həmin o insan qiyafəli məxluqları tanıya bilək. Gərək bundan sonra diqqətli olaq.


V fəsil


Körpəlikdən Leylinin gözəlliyi dillər əzbəri idi. Fəttah bir vaxtlar heç Saydanı da belə qısqanmamışdı. Bu gözəl çiçək böyüdükdən sonra onu elə bir əl dərməlidir ki, həm Leylini sevib qorusun, həm də Fəttaha əsl oğul olsun. Qızının varlığına hər gün şükür etsə də, oğulsuzluq nisgilini unutmurdu.

Qeys Zeydlə birlikdə boy atıb böyüyür, oynayırdı. Ətrafdakı hər şeylə maraqlanır, hər şeyi bilmək istəyirdi. Gözləri üstündə olsa da, valideynləri ona sərbəstlik vermişdilər, ürəyi istədiyi vaxt evdən çıxıb tay-tuşları ilə oynaya bilərdi. Hardan tanıdığını xatırlamadığı bir qoxunun, nəfəsin şüursuz arayışında idi. Axtardığının hardasa yaxında olduğunu sövq-təbii ilə hiss etsə də, hələ ki onu tapa bilmirdi.


***


Artıq böyümüşdülər. Leylinin valideynləri onun çölə çıxmasına nadir hallarda imkan verirdilər. Sayda onun yalnız bacısı qızı Ayişə ilə oynamasına razı olurdu.

Nofəl hərb və dövlət işlərindən vaxt tapan kimi Bəndovana gələr, həm Müləvvəhgilə, həm əmisi Səidgilə baş çəkər, sonra da bütün qəbilə üzvləri ilə görüşüb əlindən gələn köməyi onlardan əsirgəməzdi. Bəni-əmir qəbiləsi onunla qürur duyur, hər uğuruna sevinirdi. Budəfəki gəlişinin məqsədi qəbiləsi üçün mədrəsə açdırmaq idi. Oğlanlı-qızlı qəbilənin hər bir gəncinin, uşağının təhsil almasını vacib sayırdı. Qeysə isə diqqəti xüsusi idi. Onu qardaşı qədər sevir, hər gələndə hədiyyələr alıb gətirirdi.

Qeyslə Zeyd evin qabağında, Müləvvəhin illər öncə əkdiyi sərv ağaclarının altında, Nofəl, Müvəlləh və Səid isə bir az aralıda oturmuşdular. Böyüklər bədəvi qəhvəsi içib söhbət edirdilər. Uzaqdan Əl-Qasımi göründü. Köhnə xasiyyəti idi, Nofəlin gəldiyini eşidən kimi tez özünü yetirər, ona xoş gəlmək üçün hünərlərini ağızdolusu öyər, zarafatlar edər, uzun-uzadı xatirələrindən, dünyada gördüklərindən danışardı. Nofəl onu görcək görəsən, biz də qocalanda belə boşboğaz olacağıq? deyə zarafat etdi, gülüşdülər.

Əl-Qasımi yeniyetmələrin yanından ötəndə nəvaziş göstərmək üçün əlini Qeysin saçlarına uzatmaq istədi. Qeys artıq unutduğu həmin o qara kölgənin üzərinə yeridiyini hiss etdi, qorxudan bütün bədəni titrəməyə başladı, geri-geri çəkilib özünü Nofəlin üstünə atdı.

Назад Дальше