Nə oldu, darıxdın qardaşın üçün? Səid Əl-Qasıminin pərt olmaması üçün təbəssümlə dilləndi.
Nofəl Qeysin qorxduğunu görüb, ayağa qalxdı. Əl-Qasımiyə əl uzadıb, ayaqüstü hal-əhval tutduqdan sonra mən getməliyəm deyə, onun burda çox qalmasına imkan vermədi. Nofəlin onu görən kimi qalxıb getməsini, Qeysin qorxub titrəməsini görən Əl-Qasımi pərt idi. Bir az aralanandan sonra dodağının altında deyindi:
Hmm, illərlə gözlə, gözlə, axırda dünyaya gətirdikləri uşağa bax. Əməlli-başlı dəlidir ki bu!
Nofəl artıq Qeysin qeyri-adi, həssas uşaq olduğunu anlamışdı. Bərdəyə yola düşmək üçün sübh tezdən oyanmışdı. Səid isti çörək dalınca getmiş, arvadı isə yemək hazırlayırdı. Nofəl fürsətdən istifadə edib əmisi oğluna dedi:
Səni çox istədiyimi bilirsən. Bilirəm, sənə də mənim xətrim əzizdir. Ona görə səndən bir istəyim olacaq.
Zeyd qəbilənin qəhrəmanının ondan nəsə istəməyindən qürur və məmnunluq duyaraq diqqət kəsildi.
Zeyd, sən igid oğlansan. Həmişə Qeysin yanında ol, ona qardaşın kimi dayaq dur, kimsənin ziyan verməsinə imkan vermə, onu qoru Mənə söz verirsənmi?
Zeyd əmisi oğlunu razı salacaq bir ahəngdə sakitcə söz verirəm dedi.
Ağıllı hökmdar təbəələrinin elmli olmasını istəyər. Nadan və cahilləri idarə etmək nə qədər asan olsa da, bu, dövləti inkişafa deyil, məhvə aparar. Xilafətdə elmin yüksəliş illəri idi Bəndovan məscidi böyük və əzəmətli idi. Məscidin nəzdindəki mədrəsədə Arranın böyük alimi Əhməd Bərdəi dərs deyəcəkdi.
Məktəb yolu elə də uzaq deyildi. Hamı dəstə-dəstə mədrəsəyə yollanırdı. Camaatın həmişə məscidə gedib-gəldikləri yol olsa da, bu gün sanki yola göydən işıq ələnmişdi. Mədrəsədə məntiq, hədis, təfsir, sərf, vəz, bəlağət, kəlam, hikmət, fiqh, fəraiz, əqaid, üsulü fikir, elmi-həyat dərsləri veriləcəkdi. Yola səpələnən elmin işığı üzlərdəki sevinc işığına qarışmışdı.
Sinif otağı açıq havada idi. Səhər günəşinin şəfəqləri mədrəsənin həyətinə yayılmışdı. Əhməd Bərdəi ilk dərsə başladı. Fikirləri hikmətli, nitqi dünyanın ən möhtəşəm hafizinin səsi qədər sirayətedici, səlis bir müəllimi dinləmək böyük zövq idi.
Allah-təala lütf eləyib, bütpərəst Şərqə müqəddəs kitab göndərdi. Amma nə baş verir?! Hələ də o kitabdan bütlər yaratmaq üçün istifadə edirlər. Quranın hikmətini, içindəki böyük elmləri öyrənmək və öyrətmək əvəzinə, yaratdıqları bütləri beyinlərə yeridirlər.