Şəhrizad - Məmmədli Vahid 3 стр.


Muradxan əməkdaşı Cəbrayılovu yanına çağırıb göstəriş verdi: Amanbəylidə bizimlə gizli əməkdaşlıq etməyə hazır olan şəxslər müəyyən edilməlidir.

Cəbrayılov,  yoldaş rəis, bir qədər əvvəl sizin yanınızda olan Fərrux Söhbətovu cəlb etsək olmaz?  dedi.

 Cəbrayılov, Söhbətov anadan agent doğulub. Onu cəlb etməyə

ehtiyac yoxdur. Özü, biz istəməsək də, gəlib hər şeyi deyəcək. Sən gizli əməkdaşları müəyyən elə.

 Oldu, yoldaş rəis,  deyib Cəbrayılov getdi.

Xırçınlıdakı hadisələrdən sonra onun və yoldaşlarının hər yerdə

axtarıldığını Məmmədrəsul yaxşı bilirdi. Qaçaq həyatı onu da, yoldaşlarını da bezdirmişdi. İlyas bəy son zamanlar israr edirdi ki, Arazı keçib İrana qaçsınlar. Başqa yerlərə də üz tuta bilərdilər

Səhərin ayazı Məmmədrəsulu üşütsə də ona ana südü qədər doğma

olan bu təmiz havanı ciyərlərinə çəkdi. Qürbət Qürbət Qürbətin havası onu boğacaqdı Bu havadan, bu meşədən, bu gözəllikdən qürbətdə vardımı? Əlbəttə var Orda da torpaq, bu səfalı meşədən var Amma Məmmədrəsulun damarlarından axan qan olduğu qəriblikdə kiminsə tənəsinə dözəcəkmi? Orda da Məmmədrəsul bəy olacaqmı? Amma qaçaq olsan belə, ətrafında sədaqətli dostlar, doğmalar var. Qürbət gözəl ola bilər. Amma qürbət nə vaxtsa yenidən Vətənə daha xoşbəxt qayıtmaq üçündür

Gözləri doldu. Anası, atası gözləri önündə dayandılar. Sanki onlar

xəyal deyil, canlı idilər. Anası,  igid balam, çoxdandır sənə öz əlimlə hazırladığım yorğan-döşəkdə yatmırsan. Nə yaman qocalmısan, can bala. Mən səni belə qoyub getməmişdim axı

Növbə atasına çatdı:  Məmmədrəsul, namusuna, qeyrətinə heyranam, oğul. Bilirəm qisasımızı almağa çalışırsan. Qürbətə getməyəcəyini bilirəm. Amma yerini dəyiş, oğul. Düşmən sənin bir addımlığındadır.

Anasının ətrini duydu. Atasının dediyi söz bir xəbərdarlıq idi.

Yerimizi dəyişməliyik Amma öncə mən Şəhrizadı görməliyəm.

Anamın ətrini yalnız ondan, əziz bacımdan ala bilərəm


Gecənin qaranlığında Şəhrizad və Talıb yatağında, Turqay ilə

Ilyas isə aralarında yatmışdılar. Qapı asta-asta döyülürdü. Tuk Tuk Tuk

Şəhrizad gözlərini açdı. Talıb da oyandı.

 Aman Allah, xeyirdirmi, görəsən?

 Gecənin bu vaxtı kim ola?

Talıb cəld yerindən qalxıb, qapıya tərəf getdi. Gələn Məmmədrəsul

idi. Zil qara saqqalın, uzanmış saçların arxasından bir zamanlar bütün mahalda ad çıxarmış Məmmədrəsul bəyin gözləri baxırdı

Şəhrizad qardaşına sarıldı, göz yaşlarını saxlaya bilməyib,

 Bəyim, atam, bu dünyada tək ümidim,  dedi.

Məmmədrəsul bacısını sakitləşdirdi,

 Bax, gəldim Səni gördüm, daha heç bir dərdim yoxdur

Sonra Məmmədrəsulla Talıb ilə bir-birinə sarıldılar.

Baş vermiş qanlı hadisədən sonra hələ də özünü günahkar sayan Talıb bəy başını aşağı saldı. O hər zaman düşünürdü ki, kaş Əmiraslan bəy ona "Şəhrizadı da götür qaçın Şuşaya", deyəndə ona qulaq asmayaydı. Kaş o, son damla qanına kimi vuruşaydı, amma qayınları, həm də əmisi oğlanları olan Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn ölməyəydilər. Onlar kimi igidlərin əvəzi yox idi. İndi Məmmədrəsul da çöllərə düşməzdi

Məmmədrəsul yuyunub çörək yedikdən sonra dedi:

 Son vaxtlar yaman əl-ayağa düşüblər. Çaqqalların da sayı artıb

Dedim bir də sizi nə vaxt görəcəm Hər an, hər şey ola bilər

Şəhrizad:

 Allah qorusun, bəy. Sən Allah, özünü qoru,  dedi.

Talıb:

 Eh, Şəhrizad, indi onu hər yerdə axtarırlar, Xırçınlıdakı

hadisədən də sonra lap azğınlaşıblar,  dedi.

 Mən qisasımı almamış, heç yerə gedən deyiləm. O Qüdsini qanına

qəltan edəcəm

 Məmmədrəsul, axı biz hələ dəqiq bilmirik Qüdsi bizim arxamızca

nə üçün gəlmişdi. Bəlkə də bizi qorumaq üçün Amma belə alındı

 Sən nə danışırsan, Talıb bəy, xeyir ola, mahala girən kimi

qırmızıları birinci bizim kəndə gətirir, orda bizi görməyib arxamızca təqib edir O cavab verəcək

Şəhrizad da, Talıb da bilirdilər ki, Əmiraslan bəyin kiçik oğlunu

dediyindən döndərmək mümkün deyil

Məmmədrəsul ayağa qalxıb getmək istəyəndə Şəhrizad onun qarşısını kəsdi:

 Bəyim, hara gedirsən? Dədəmin, qardaşlarımın iyini səndən

almamış bizi qoyub getmə.

 Kür daşıb, Şəhrizad. Meşə su içindədir. Yerimizi dəyişməliyik.

Yoldaşlarım məni gözləyir. Allah bilir bir də səni görə biləcəmmi?

Şəhrizad hönkürdü. Qardaşının boynunu qucaqlayıb, sanki onu son dəfə görürmüş kimi buraxmaq istəmədi.

Məmmədrəsul qapıdan çıxıb getsə də, onun xəyalı uzun müddət gözləri önündən getmədi

***

Camaatı kolxoz binasında toplamışdılar. 1931-ci il, mayın 18-i idi

Fövqəladə komissiyasının əməkdaşı Qeybəli Cəbrayılov iclasda gəlişinin məqsədini açıqladı:

 Yoldaşlar, dünən Şoranlıda baş verən daşqınla əlaqədar, respublika Baş Prokurorunun müavini Qüdsi Hacıyev yoldaş oraya getmişdi. İnqilabın düşmənləri onu qətlə yetiriblər. Sovet hakimiyyəti neçə illərdi ki, bərqərar olsa da, proletar inqilabının düşmənləri, bəylərin, qolçomaqların tör-töküntüləri meşələrdə, dağlarda gizlənərək xaincəsinə inqilabın rəhbərlərinə, xalqın layiqli nümayəndələrinə qarşı quldurluq edir, proletar hakimiyyətini devirmək istəyirlər. Dünənki qətl hadisəsi də həmin xainlərin əməlləridir.

Fərrux Qüdsi Hacıyevin qətlə yetirildiyini eşidən kimi qeyri-ixtiyari ön tərəfdə oturan Talıba tərəf baxdı. Muradxan Qalabəyovla söhbətdən sonra o Talıbı Sovet hökumətinin ətçəkən maşınının ağzına atmaq üçün qarşısını kəsən maneənin Baş prokurorun müavini Qüdsi Hacıyev olduğunu düşünürdü. Artıq önü açılmışdı. Şəhrizadı ələ keçirməsinə bir addım qalmışdı. Qüdsi ortada yoxdursa, yəqin ki, onu Fövqəladə komissiyasının sədri Mircəfər də müdafiə etməzdi.

 Əə, dur de də kim öldürüb Qüdsini,  deyə qəzəblə Fərrux yanında

oturmuş Əhmədəlinin qulağına dedi.

Yerində donub qalan Əhmədəli ağappaq oldu:

 Kim öldürüb ki?

 Ə guya bilmirsən?

 Vallah bilmirəm, yoldaş Söhbətov.

 Tülküsən, tülkü İndi yox. İclas qurtaranda Cəbrayılova

yaxınlaşıb de ki, Qüdsini Talıbın göstərişi ilə Məmmədrəsul öldürüb. Eşidirsən məni?

Yerində donub qalmış Əhmədəli handan-hana:

 Oldu, baş üstə, yoldaş Söhbətov,  dedi.

 Yoldaşlar, indi siz ikiqat ayıq olmalısınız, inqilab düşmənlərini

vaxtında ifşa edib xəbər verməlisiniz.

İclas başa çatdı. Camaat dağılışırdı. Fərrux Əhmədəliyə baxıb başı ilə Cəbrayılova tərəf göstərdi.

Əhmədəli başını silkələyib Cəbrayılovun arxasınca getdi. Çekistin yanında sovet sədri Sibir Qəzənfər və kolxoz sədri Süleyman olduğundan Əhmədəli Cəbrayılova yaxınlaşa bilmirdi. Bayaqdan bəri Əhmədəlinin onların arxasınca gəldiyini görən Cəbrayılov yanındakılara,  siz kolxoz idarəsinə gedin. Mənim klub müdiri ilə söhbətim olacaq,  deyib onları yola salmağa çalışdı.

Kolxoz sədri Süleyman klub müdiri Məhərrəmi səslədi.

Yaxınlaşan Məhərrəmi Cəbrayılova təqdim edən Süleyman dilləndi:

 Bu da bizim klub müdiri.

 Gedin, yoldaşlar, işimi bitirim, gələrəm.

İrəlidə Məhərrəm, arxasınca isə Qeybəli Cəbrayılov kluba doğru gedirdilər ki, Əhmədəli çekisti yanladı:

 Yoldaş Cəbrayılov, mən bilirəm Qüdsi Hacıyevi kim öldürüb, 

xısın səslə dedi.

Cəbrayılov ayaq saxlayıb,  kim öldürüb?  deyə Əhmədəlinin verəcəyi məlumatı gözlədi.

 Talıbın göstərişi ilə Məmmədrəsul

 Bunu hardan bilirsiniz?

Əhmədəli duruxdu. Cəbrayılovun belə bir sual verəcəyi barədə heç düşünməmişdi. Xeyli keçməsinə baxmayaraq, hələ də onun üzünə baxıb cavab verməyən Əhmədəlini ayıltmaq üçün sual verdi.

 Bu məlumat sizdə hardandır?

Çaşbaş qalan Əhmədəli nə deyəcəyinə qərar verə bilməsə də dilləndi:

 Yoldaş Fərrux Söhbətov dedi.

 Aydındır, yoldaş Sabah mənim yanıma Fövqəladə komissiyaya

gələrsiniz

Cəbrayılovun Fərruxun Talıb ilə bağlı yazdığı donoslardan xəbəri vardı. Onun Muradxan Qalabəyovla etdiyi söhbətləri də bilirdi.

Cəbrayılov Əhmədəlini yanına başqa məqsədlə çağırırdı. Qalabəyov ona iradını bildirmişdi. Ölkənin hər bölgəsində, kəndində məxfi əməkdaşlığa cəlb olunan şəxslərin sayı günü-gündən artdığı bir şəraitdə Amanbəylidə bir nəfər də olsun məxfi əməkdaşın olmaması çatışmazlıq idi. İndi Cəbrayılov bu nöqsanı düzəltməli idi.

Sovetlik Əyricə kəndində qurulmuşdu. Bura bir neçə kənd daxil idi. Həmçinin Amanbəyli də. Sibir Qəzənfərin işi başından aşırdı. Kolxoz sədri olan əmisi oğlu Süleymanın da səriştəsiz olması, Süleymanın hər addımı onunla məsləhətləşməsi vaxtını ikiqat alırdı.

Sibir Qəzənfər narahat idi. İmperiyanın tərkibində olanda digər bolşevik yoldaşları ilə əbədi bərabərliyə, demokratiyaya zəmin yaradacaq bir cəmiyyət quracaqlarına inansa da, ömrünün xeyli hissəsini mübarizədə və türmələrdə keçirmiş Sibir Qəzənfər bütün ölkənin indi böyük bir türməyə dönüşünü görürdü. Ətçəkən maşının qulpunu fırladanlar onu elə hərəkətə gətirmişdilər ki, artıq durdurmaq mümkün deyildi. Belə getsə həmin ətçəkənin içinə qulpu fırladanların özləri də düşəcəkdi

Cəbrayılovun bu gün kənd klubundakı çıxışından sonra kəndliləri bir-bir çağırıb söhbət etməsi onu narahat edirdi. Hiss edirdi ki, təcrübəli Qalabəyovdan xeyli cavan olan Cəbrayılov hər bir kəsdən potensial təxribatçı, əksinqilabçı kimi şübhələnir. Yalnız məxfi əməkdaşlar onun gözündə daha inanılmışlar idi.

Bir qədər əvvəl Süleyman da onun yanına gəlib demişdi ki, Cəbrayılov ona məxfi əməkdaşlıq təklif edib. O, Süleymana demişdi ki, razılaşmaq zorundadır. Yoxsa prokurorluğa, partiya təşkilatına elə məlumatlar uydurub ötürərlər ki, Süleyman dünyaya gəldiyinə peşman olar


***


Mehtər İsmayılın atasının ölümündən sonra anası Nəsibə havalanmışdı:  Apardılar kişini, apardılar

      Çoban Hümbətin arvadı Nübar əllərini qoynunda cütləyib əsəbiləşdi:

 Yenə başladı Ağız, hara apardılar kişini. Odeyy qəbiristandadır.

 Yox. Qırmızıpapaqlar apardılar Apardılar revkoma.

 Bıy, başıma xeyir.

 Revkom uçub, uçub Revkom. Kişi də qalıb altında.

Artıq xeyli müddət keçməsinə baxmayaraq Nübar hələ də ərinin Revkomun uçmuş binası altında olduğunu düşünürdü.

Nübar Şəhrizadı qoyub gedə bilməsə də, neçə vaxt idi ki, Hümbəti məcbur edirdi ki, kolxozdan həyətyanı sahə alsınlar, ev tikib köçsünlər. Bir yandan da Nəsibənin eyni sözləri təkrar etməsi onu əndazədən çıxarırdı.

Şəhrizad eyvanda göründü. Bir qədər əvvəl Cəbrayılovun iclasda kənd camaatına Qüdsi Hacıyevin ölüm xəbərini dedikdən sonra bütün kənd pıçıldaşırdı ki, Qüdsini Məmmədrəsul öldürüb.

İndi keçmiş xanımını eyvanda görən Nübar adəti üzrə özünü yığışdırdı. Amma daha Şəhrizada xanım deyə müraciət etmirdi.

Şəhrizad bunu hiss etsə də, heç üzə vurmadı.

 Sən elə mənim bacımsan,  deyib, o özü Nübarı bu əziyyətdən

qurtardı.

 Salam, ay bacı.

 Salam, Nübar.

 İndi gəlirəm. Sözüm var.

Həyətə çıxan Şəhrizad Nübarın sözlü adama oxşadığını duymuşdu.

 Nə deyəcəkdin, buyur.

Nübar duruxdu. Bir qədər özünü toparlayıb kənddə dolaşan dedi-qodunu Şəhrizada çatdırdı. Qəhər Şəhrizadın bağrını deşirdi. İstədi ki, Nübara desin ki, "mənim qardaşım öldürə bilməzdi Qüdsini. Qüdsi öldürülən gecə qardaşım mənim yanımda, evdə idi". Amma Nübara bu sözləri deyə bilmədi. Qardaşının onlara gəlişini heç kim bilməməli idi.

Qüdsinin ölümündə qardaşının əli olmadığına tam əmin idi Şəhrizad:

 Yalandır, mənim qardaşım Qüdsini öldürə bilməzdi

Həyət qapısından içəri girən İsmayıl ortada ayaq üstə dayanıb söhbət

edən Şəhrizad və Nübarı görüb hər şeyi anladı. O artıq bilirdi ki, söhbət nədən gedir İnsanlar artıq öz sözlərini demişdilər. Qüdsini öldürənin Məmmədrəsul Haqverdiyev olduğuna hər kəs özünü inandırmışdı

Həyatını verməyə hazır olduğu Şəhrizadın qardaşı haqqında deyilən bu sözlər onun xanımının da, bəyi Talıbın da üzərinə kölgə salırdı.

Özünü bu ailənin bir parçası hiss edən İsmayıl son vaxtlar az qalırdı

ki, hər şeyi atıb Məmmədrəsula qoşulsun.

İnsanın taleyi, ömrünün uzunluğu öz əlində deyil. Amma insana

ayrılmış müddət ərzində neçə günü mənalı yaşaması onun öz əlindədir

Çətin və acılı günlərin şirin sonluğunu dadmaq yalnız mənalı ömür sürmək üçün yaşayanlara qismət olur. Çünki çoxları nə vaxtsa yaşayacaqları günə çatmaq üçün günləri, ayları sayaraq "heyhat, ömür keçdi", dedikləri anda, bir başqası növbəti anını yaşamağına davam edir. Beləcə də həmin mənalı anlar toplanaraq sonda "mən yaşadım", dedizdirir insana

 Salam, ay İsmayıl. Hələ bir bəri dur,  bunu Şəhrizadın hələ də

yanında durub, guya ürək-dirək verən, amma əslində yarasının qaysağını qoparan Nübar dedi.

Onsuz da dilxor olan İsmayıl onların beş-altı addımlığında dayanıb,  Nübar xala, eşidirəm, buyur,  dedi.

Nübar yenə də Şəhrizada xitabən,  ay bacı,  deyib, sözünə davam etdi:  Bu gədə nə düşünür mən bilmirəm. Ədə, anan yazıqdır. Bir halal

süd əmmiş al, gətir evə, o arvada dayaq olsun.

İsmayıl bilirdi Nübar nəyə eyham vurur.

 Ay bacı, sən denən ona, nə vaxtacan subay gəzəcək?

Şəhrizad İsmayılı çox istəyirdi. Ona qardaş gözüylə baxırdı. Bayaqdan bəri Məmmədrəsul söhbətinə görə dilxor olan Şəhrizad sanki öz doğma qardaşını evləndirəcəyi qədər sevindi:

 İsmayıl, düz deyir də. Mahalın hansı qızını istəsən, sənə uça-uça

gələr

 Yox, bir az sən də,  deyə Nübar etirazını bildirdi.

Şəhrizad söhbətin nədən getdiyini bilməsə də, İsmayıl hər şeyi gözəl anlayırdı. İsmayıl Nübarın qızı Xoşqədəmin onu sevdiyini bir-iki ay idi ki, anlamışdı.

Nədənsə əvvəllər o, evdə olmayanda xəstə anasına bir stəkan su belə verməyən Nübar da, Xoşqədəm də xeyli dəyişmişdilər.

İndi hər dəfə evə qayıdanda Xoşqədəmi anası Nəsibənin yanında görürdü. Xoşqədəm Nəsibəyə qulluq edir, vaxtlı-vaxtında yeməyini, çayını verirdi. Xoşqədəm sanki deyirdi ki, İsmayıl, məni al, özünə arvad elə. Mən sənin anana elə baxacam ki, vicdanın yol verməyəcək məni boşayasan

Bu fikirlərlə beynini arıtlayan İsmayılın yadına Şəhrizadın bir qədər əvvəl dediyi sözlər düşdü:

 Mahalda hansı qızı istəsən, sənə uça-uça gələr

İsmayıl acıqla ürəyində dedi: "Nübarın qızı Xoşqədəm də, Əhmədəlinin məni dəlicəsinə sevən qızı Ayna da gözəllikdə səndən heç də geri qalmırlar. Amma mən bədbəxt nə edim ki, mən yalnız səni sevirəm, Şəhrizad, çox heyf ki, mən bunu sənə heç bir vaxt deyə bilməyəcəm"

İsmayıl nümayişkaranə şəkildə geri çevrilib yaxındakı daxmalarına

girdi. Xoşqədəm anası Nəsibənin yastığını rahlayırdı. İçəri girən İsmayıla

tərəf çevrilib barmağını dodaqlarına tərəf apardı:

 Sss Sonra İsmayıla tərəf bir-iki addım atıb yavaş səslə,  yatır,  dedi.

İsmayıl:

 Sağ ol, Xoşqədəm, sən gedə bilərsən,  dedi.

 Ac olarsan, yaxşı buğlama bişirmişəm, çəkim, ye.

 Yox, sağ ol, əziyyət çəkmə, ac deyiləm.

 Onda çay iç.

 Yox, köhnə çinarın altındakı bulaqdan su içdim

Xoşqədəm İsmayılın qarşısında dayanıb başını aşağı saldı. Yanaqları

qıpqırmızı idi. Sanki deyirdi ki, məni sev, İsmayıl. Nədən mənə diqqət vermir, mən tərəfə baxmırsan. Qızın duruşu İsmayıldan cavab gözləyirdi.

İsmayılsa sandığın üstündə əyləşib yatmış anasına tərəf baxırdı.

 Yaxşı, mən gedim. Evdəyəm. Acsan xəbər ver, gəlim çayını, suyunu verim.

 Yaxşı İsmayıl könülsüz cavab verdi

Bu yerlərin qız-gəlinləri öz sevgilərini oğlanlara, kişilərə heç vaxt

sözlə deməzdilər. Onların hərəkəti, baxışları hər şeyi deyirdi.

Bu gün sahədə işləyəndə də eyni briqadada olan Aynanın

Назад Дальше